Siyasi partiyanın qeydiyyata alınması ilə bağlı tələblər dəyişir

Siyasi partiyanın qeydiyyata alınması ilə bağlı tələblər dəyişir

21-11-2022 12:47 / Bu xəbər 628 dəfə oxundu

"Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni redaksiyasına əsasən, siyasi partiyanın qeydiyyatı üçün üzv tələbi 2 dəfə azaldılır.

Qanun layihəsinin ilkin versiyasına əsasən, dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 10000 üzvü olmalı idi. 

Yeni redaksiyaya əsasən isə, dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 5000 üzvü olması tələb kimi qoyulub.

Həmçinin qanun layihəsinin ilkin versiyasına əsasən, yeni qanun qüvvəyə minənədək dövlət qeydiyyatına alınmış siyasi partiya bu qanunun qüvvəyə mindiyi tarixdən 90 gün müddətində üzvlərinin sayının azı 10 min nəfərə çatdırılması üçün tədbirlər görməli və üzvlərinin reyestrini tərtib edərək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etməli idi. 

İndi  qeydiyyatda olan partiyalara üzvlərinin sayını 5 minə çatdırmaq üçün 180 gün vaxt veriləcək. Bunu həyata keçirə bilməyən partiyaların ləğvi barədə apellyasiya məhkəməsində iddia qaldırılacaq. 

O cümlədən qanun layihəsinin yeni redaksiyasına əsasən, siyasi partiya üzvlərinin reyestrini (adı, soyadı, atasının adı, həmçinin fərdi identifikasiya nömrəsi, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı (olduğu halda) və əlaqə telefon nömrəsi göstərilməklə) aparmalıdır. 

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) siyasi partiya üzvlərinin reyestri təqdim olunduğu tarixdən 30 gün müddətində onun qanunun tələblərinə uyğunluğunu yoxlayacaq. 

Siyasi partiya üzvlərinin reyestrində çatışmazlıqlar aşkar edildikdə, onun təqdim olunduğu tarixdən 30 gündən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) onların aradan qaldırılması barədə məlumatı siyasi partiyaya təqdim edəcək və ya sifarişli poçt göndərişi vasitəsilə göndərəcək. 

Bu məlumatı daxil olduğu tarixdən 30 gün müddətində siyasi partiya üzvlərinin reyestrində aşkar edilmiş çatışmazlıqları aradan qaldıraraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) reyestri təqdim edəcək. 

Qanunun əvvəlki redaksiyasında bu müddət 15 gün nəzərdə tutulmuşdu.

Qanun layihəsinin yeni redaksiyasında siyasi partiyaların təsisinə dair 20 il tələbi də aradan qaldırılıb. Belə ki, siyasi partiya Azərbaycan Respublikasının tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaşı (təsisçilər) tərəfindən təsis ediləcək. Halbuki qanun layihəsinin ilkin versiyasına əsasən, siyasi partiya Azərbaycan Respublikasının ərazisində son 20 il daimi yaşayan Azərbaycan Respublikasının tam fəaliyyət qabiliyyətli olan azı 200 vətəndaşı (təsisçilər) tərəfindən təsis edilə bilərdi.