Ukrayna savaşı sona yetir?

Ukrayna savaşı sona yetir?

29-03-2022 19:26 / Bu xəbər 8218 dəfə oxundu

Şahin Cəfərli

Tərəflərin açıqlamaları göstərir ki, İstanbuldakı danışıqlarda ciddi irəliləyişlərə nail olunub.  

Rusiya tərəfi bildirib ki, Kiyev və Çerniqov ətrafında hərbi aktivliyini dəfələrlə azaldacaq. Yəni faktiki geri çəkiləcək.

Şoyqu iddia edib ki, guya hərbi əməliyyatın birinci mərhələsinin "əsas vəzifələri"nə nail olunub. Donbasda isə hərbi əməliyyat davam edəcək. 

Ukrayna tərəfinin (hökumətin) hazır olduğu güzəştlərə nəzər salanda görmək olur ki, müharibədən əvvəlki durumla müqayisədə müəyyən geri addımlar olsa da, kardinal bir dəyişiklik yoxdur. Yəni, bu güzəştlər Rusiyanın müharibəyə başlayarkən qarşısına qoyduğu siyasi məqsədləri qarşılamaqdan uzaqdır. 

Rusiya NATO məsələsini bəhanə kimi irəli sürmüşdü və fundamental məqsədi müstəqil Ukrayna dövlətçiliyinə son qoyub, onu belaruslaşdıraraq ittifaq dövlətinə qatmaq idi. 

Putin rejimi buna nail ola bilmədi və aydındır ki, bundan sonra nüvə silahı da tətbiq etsə, nail ola bilməyəcək. 

Rus ordusu Ukraynada çox ağır itkilərə məruz qaldı və onunla bağlı bütün dünyada formalaşmış mif param-parça oldu. 

Faktiki, bu gün əlində nüvə silahı olmasa, Rusiya ordusu ölkəni xarici hücumlardan müdafiə etmək gücündə deyil. Rusiyanın bütün elit hərbi hissələri (VDV, Taman, Kantemir diviziyaları, QRU xüsusi təyinatlıları və s.) darmadağın olundu, döyüş aviasiyası ciddi zərbələr aldı, bunların yerini doldurmaq üçün illər lazımdır. 

Tətbiq olunan sanksiyalar isə Rusiyanı nəinki inkişaf perspektivlərindən tamamilə məhrum edib, hətta ona ekzistensial təhlükə yaradıb. Bu sanksiyaların bir an öncə ləğvi, dondurulmuş vəsaitlərin sərbəst buraxılması Rusiya üçün həyati məsələdir. Ümid edirəm ki, Qərb bu səhvi etməyəcək.

Bir sözlə, Ukraynadan müəyyən güzəştlər alıb, bunu xalqına və dünyaya qələbə kimi təqdim edərək müharibəni dayandırmaq bu gün Rusiyanın marağındadır. Lakin hələ ki qaranlıq qalan xeyli önəmli məqam var: atəşkəs olacaqmı və nə vaxt? Rusiya təkcə Kiyev-Çerniqovdan deyil, digər ərazilərdən də çəkiləcəkmi və nə zaman? 

Ümumiyyətlə, Rusiyanın bu açıqlamasına nə dərəcədə etibar etmək olar? Ukrayna ordusu Kiyev vilayətində fasiləsiz rejimdə ağır zərbələr vurduğu, lakin 24 fevraldan bəri vilayətin şəhərlərini dağıdaraq ağır cinayətlər törədən işğalçıların oranı rahat tərk edib getməsinə (əgər həqiqətən getsələr) tamaşa edəcək? Çünki bu qüvvələri Rusiya komandanlığı Donbas istiqamətinə göndərəcək və oradakı Ukrayna qruplaşmasının vəziyyəti daha da ağırlaşacaq. 

Başqa bir tərəfdən, Rusiyanın Çerniqov-Kiyev istiqamətindən çəkilməsi buradakı kifayət qədər güclü və çoxsaylı Ukrayna hərbi qüvvələrini də sərbəstləşdirir və onların Donbasa, eləcə də ehtiyac olan digər istiqamətlərə göndərilməsinə imkan yaradır. 

Rusiya niyə bunda maraqlı olsun? Belə çıxır ki, tərəflər digər istiqamətlərdə döyüşü dayandırıb, yalnız Donbasda müharibə aparmağa razılaşır? Tutaq ki, Rusiya bütün Donbası işğal edib, regionun inzibati sərhədlərinə çıxsa, Ukrayna buna razı olub, müharibəni dayandıracaq?

Yaxud əksinə, Ukrayna ordusu Donbasdakı mövcud mövqelərini əldən verməsə, hətta irəliləsə, Rusiya bunu qəbul edəcək? Yəni, Donbasdakı müharibənin hansı nəticələri tərəflər üçün məqbuldur? Anlamaq olmur.  

Atəşkəs barədə hələ ki razılıq yoxdur, bu isə o deməkdir ki, savaş bütün istiqamətlərdə davam edir.

Rusiya nümayəndə heyəti artıq Türkiyəni tərk edib. Halbuki danışıqların sabah da davam etdirilməsi nəzərdə tutulmuşdu.

Məsələlər aydınlaşdıqca təbii ki, bu mövzuda yazılarımız davam edəcək.