Özü bilir...
22-10-2022 20:43 / Bu xəbər 1869 dəfə oxundu
AZAD QARADƏRƏLİ
Hekayə
"44 günlük müharibə bir də tarixə əlbəyaxa döyüşlərin çoxluğu ilə düşdü. Ordumuzun gənc döyüşçüləri düşmən səngərlərinə dolaraq onlara nəfəs almağa aman vermirdilər. Bu qanlı döyüşlər zamanı düşmənin yüzlərlə əsgəri qanına qəltan edildi...”
***
"Polislərlə əlbəyaxa olan qazi tək ayağı üstdə dayana bilməyib,ağırlığını kəsik ayağındakı protezin üstündə basaraq inildədi, üzü üstdə yerə sərildi...”
İnternet xəbərlərindən
"Yağış güllə kimi yağırdı... Yox e, düz olmadı... Güllə yağış kimi yağırdı... O zəhrimar minamyot var ha, o da ki, day başımızı səngərdən çıxarmağa imkan vermirdi... Yağışa allah versin, qardaş. Biz o müharibədə savaşanda yağış bizə yaxşı aman verdi. Hərdən çiləsə də, day bizi selə-suya qərq eləmədi... Düşmanı qovmağımıza imkan verdi... Biz... Biz... Mən axı çox danışan deyiləm... Belə... Davaya gələnnən sonra danışqan olmuşam... Düşmanın çoxunu, belə nə təhər deyim, əlbəyaxa davada qırmışıx... Mən heç dava adamı dəyiləm... Kəndimizdə də bilirlər ki, birini vıram, yıxam, olmuyub... Amba day bı düşmandı axı... Hə... Onları paramparça eləmişəm əlbəyaxada...”
"Sən bu savaşını kimə həsr eləyirsən?”
Televiziya jurnalistinin sualını eşidəndə bircə bunu demişdi: "Özü bilir...”
Üz-gözü sarıqlı olduğundan hosbitalda televiziyaya müsahibə verən əsgəri tanıyan olmamışdı... Amma bir adam tanıyıbmış...
***
Zeynəbə deyəndə ki, Asimanın adamları ona elçi gələcək, qız əvvəl gülmüşdü. Sonra hirslə "camaata it hürər, maa da çaqqal” deyib qeyzlənmiş, oğlan evinə söyüş sifariş etmişdi:”Anqırıb tayını tapsın”.
Asiman çox sakit bir oğlan idi. Dindirməsən dinməz, sancsan belə qanı çıxmazdı. Hətta orta məktəbdə oxuyanda sinif yoldaşları onu daim ələ salar, eşşəkbeli oynayanda həmişə üstündən tullanardılar...
Orta məktəbi bitirəndə sinif yoldaşlarının kimi ali məktəbə, kimi texnikuma getsə də, o, dəmiryolçu əmisinin köməyi ilə dəmiryolunda fəhləliyi seçdi. Nə etsin? Ata tez ölmüşdü, ana da məktəbdə xadimə işləsə də, maaşı çox az idi. Üstəlik də, üç kiçik bacısı vardı. Ona görə oğlanın seçiminə hamı hörmət etdi.
Bu kənddə - hansı ki, ölkənin ən ucqar dağ kəndi idi – hamının ləqəbi vardı. Asimin (adı Asiman olsa da, hamı ona Asim deyirdi) ləqəbi isə Cüllüt idi, Cüllüt Asim... İşə bax: kəndin ən şaqqalı, boy-buxunlu oğlanına Cüllüt deyirdilər...
Bu Cüllüt ayamasını ona elə-belə qoymamışdılar. Bizim çaylara qışda çöl ördəyi, vağ, qarabattaq kimi quşlar gəlir ki, ovçular onları ovlamaq üçün gecə-gündüz çay-çəvəldə sülənirlər. Hə, bir də cüllüt ördək gəlir arada. Bu quş o biri ördəklərdən həm balacadır, həm də boynunun tükü yoluq kimidir. Buna görə onlara cüllüt adı qoyublar.
Asim bir gün atasından yadigar qalmış təklülə tüfəngi götürüb çaya düşmüş, elə siftəsindəcə bir cüllüt ördək vurmuşdu. On dörd yaşlı oğlanın bu ilk ovu başına iş açmış, ona Cüllüt Asim ayamasını yapışdırmışdılar...
O ki qaldı Zeynəbə...
Zeynəbin də ayaması vardı. Amma bunu adamlar bir-birinə gizlicə deyib, gözləşər, gülüşərdilər. Ayama elə idi ki, aşkarda deyilsə, araya qan düşərdi. Qıza Erkək Zeynəb deyərdilər...
Bunun da tarixçəsi vardı. Zeynəb doqquz yaşında olanda atası ilə mal növbəsinə gedibmiş. Atası başını yerə qoyub mürgüləyir və Zeynəbə tapşırır ki, gözü mallarda olsun. Qız malların böyrüşdüyünü görüb, atasının çomağını alıb ora qaçır və görür ki, iki qurd bir dananı tutub yemək istəyir. Qız çomağı qapıb qurdların üstünə yüyürür və qışqıra-qəşqıra onları qovur. Səsə atası da oyanır, qızının şücaətinə sevinərək "mənim qəhrəman qızım, erkək kimi canavarın üstünə yeridin” deyərək qızını öyür. Bu sözü kim eşidir, kim eşitmir, qızın adı o gündən sonra qalır Erkək Zeynəb...
Asiman çox səbrli, təmkinli uşaq idi. Boy-buxunlu, qol-biləkli olsa da, sinifdə hamı ona sataşar, hətta ən cılız oğlanlar da Asimanı cırnatmaq üçün min oyundan çıxardılar. Asiman isə qıpqırmızı qızarar, əlini cibinə bərk-bərk soxar, başını aşağı salardı...
Zeynəb qonşu rayondakı pedoqoji texnikumda oxuyurdu və buna görə də şənbə, bazar günlərini, bayramları – bir sözlə ilin çox hissəsini kənddə keçirirdi. Altı, bazar günlərində bulaq başına gedəndə uzaqdan Asimanın ona baxdığını görüb, hirslə üzünü yana tutar, dodaqaltı mırıldanardı. Və bir gün Asimanın anası Zeynəbgilə gəldi. Qızın anasıynan oğlan anası yan otağa keçib bir saatacan xosunlaşdılar. Zeynəb istədi qapını açıb arvadı qovsun, nədənsə vaz keçdi. Və bir gün Asimanın əmisi də onlara gəldi. Əmi ilə ata bir xeyli danışdılar, əmi qaşqabaqlı halda çıxıb gedəndən sonra ata qızını yanına çağırıb kəsəcə dedi:
- Asimanın əmisi gəlmişdi... Bildiyimə görə, nənəsi də gəlibmiş ananla görüşməyə... Səni Asimana istiyirlər... Mən o uşaxdan pis bir söz eşitməmişəm indiyənəcən. Tərbiyəlidi, çörəkqazanandı, ağıllıdı... Bəs sən nə deyirsən, qızım?
Qız dinmədi. Ayağının ucu ilə yeri qurdalayıb qızardı. Ata bir də soruşdu. Qız tutula-tutula dedi:
- Dədə, biz onunla bir sinifdə oxumuşux... Tərbiyəli olmağına, hə tərbiyəlidi... Amma sinifdə hamı ona sataşırdı, söz atırdı, lap vururdular da... Dinmirdi... Başın aşağı salıb qızarırdı... Özünü qoruya bilməyən ailəsini necə qoruyacax?.. Ona görə də...
Kişi fikirə gedib, əli ilə qızına "get” işarəsi verdi. Bir gün Asimanın bacısı Zeynəbə qardaşından məktub gətirdi. O məktubda nə yazıldığını mən də bilmirəm, amma orda nə vardısa, Zeynəb xəbər göndərdi ki, Asimanın elçiləri gəlsin...
***
Toy, danışdıqları kimi, qəsəbədəki şadlıq evində oldu. Hər şey yaxşı gedirdi, ta ki, sinif yoldaşlarının içib sərxoş olduqları anacan. Uşaqlar əvvəlcə çox da şitlik eləmədilər, sadəcə çox oynadılar, ortalıqdan çıxmadılar.. O vaxtacan ki, Donqa Əbil adlı qozbeltəhər oğlan altı-beş vura-vura gəlib bəylə gəlini oyuna dəvət etdi. Hətta onların durmadıqlarını görüb, ikisini də qucaqlamaq istədi. Onda Zeynəb Asimana sual dolu nəzərlərlə baxdı. Yəni, məktubda yazdığın yadındadır?
Asimanın anası gənclərin qabağına yeriyib xahiş elədi ki, qanqaralığı salmasınlar. Gənclər çox içmişdilər deyə nə etdiklərini bilmir, ortalıqdan çıxmırdılar.
Asiman ayağa qalxıb Donqa Əbili özlərindən aralamağa çalışdı, olmadı. Hətta Əbil tullanıb onun boynuna mindi. Asiman daha dözə bilmədi. Çəkib Donqa Əbili boynundan yerə saldı, ayağının altına qoyub əzmələdi. Onda o biri sinif yoldaşları da irəli yeriyib Asimana yumruq-təpik atdılar. Asiman gözünə döndüyümsə onları doladı şillə-təpiyə. Hamısını döyüb yığdı bir qırağa. Toya pərxaşlıq düşdü. Hətta polis də müdaxilə etdi...
Ağsaqqal-qarasaqqal işə qarışsa da, Donqa Əbilin atası şikayətini geri götürmədi: "Oğlumun iki qabırğası sınıb, əl çəkən deyiləm”, - dedi.
Uzun get-gəldən sonra yetim Asimana bir il məcburi əmək verdilər. Zeynəbin atası da daş atıb başını tutdu ki, mən öz toyunda dava salan adama qız vermərəm. Beləcə, toy da pozuldu, gənclərin həyatı da...
***
44 günlük müharibə başlayandan bir həftə sonra yaşadığı Bakı şəhərindən davaya könüllü gedən Asimanın şəkilləri qəzetlərdə, xəbər saytlarında, internetdə yayılmağa başladı. O, əlbəyaxa döyüşdə düşmənin səkkiz əsgərini öldürmüşdü. Şuşa uğrunda döyüşlərdə isə Asimanın göstərdiyi igidlik barədə general özü danışmış, belə igidlərin sayəsində qələbəyə yaxın olduqlarını demişdi. Gizir Asimanın başçılıq etdiyi "Cüllüt” adlı xüsusi təyinatlı dəstə kanatlar vasitəsi ilə sərt dağlara dırmaşmış, düşmənin gözləmədiyi səmtdən gecə ikən onların üstünü alıb məhv etmişdi. Həmin döyüşdə Asiman iki yerdən yaralansa da, döyüşü sonacan davam etdirmişdi...
Hospitaldan çıxanda artıq üzündəki sarıqları açmışdılar. Bir sayt üçün Asimandan müsahibə alan müxbirin sualına o belə cavab vermişdi: "Atam vəfat edəndən sonra anam məndən xahiş etdi ki, atan yoxdur, heç kimlə dava eləmə. Hətta səni döysələr də, söysələr də cavab vermə. Mən də anamın tapşırığına əməl elədim. Tək bircə dəfə o vədi pozmuşam... Onu da bir nəfərə yazdığım məktubda verdiyim sözə görə..."
Müxbirin "Hansı sözlərə görə?” sualına Asiman "Özü yaxşı bilir” cavabını verib, axırda bunları əlavə etmişdi:”Biz, kənddə bir az sümüklü, boy-buxunlu adamıq, əlimiz də ağır olur... Ona görə anamın o sözünü bir də bu müharibədə yerə saldım... Düşman üstümüzə gələndə, daha dözməyə yer qalmamışdı... Həmişə cibimə soxduğum əlimi çıxardım, onlara əlimin dadını göstərdim...”
(Onu deməyi unutmuşam axı: o məşum toy əhvalatından düz səkkiz il keçsə də, nə Asiman evlənmişdi, nə Zeynəb ərə getmişdi. Oğlan məcburi əməyk cəzasını Bakının daş karxanalarında çalışmaqla çəkmiş, sonra da qalıb elə orada işləməyə başlamışdı. Qız da kəndlərindəki məktəbdə dərs deyirdi.)
***
Müharibə bitmiş, bütün kənd qəhrəman oğlunu qarşılamağa çıxmışdı. Hətta içib toyunda dava salan sinif yoldaşları da. Təkcə Zeynəb yox idi. Qızdan soruşmuşdular ki, bəs sən niyə qəhrəmanı qarşılamağa çıxmırsan? O da gülümsünüb demişdi: "Özü bilir".
Bu nə "özü bilir” idi, gənclər bununla hansı mesajı verirdilər, biz bunu bilmirik. Bildiyimiz bir odur ki, Zeynəbin atası da qəhrəmanın görüşünə getmiş, onu bağrına basaraq üzündən öpmüş, evlərinə qonaq çağırmış, ayağının altında qurban kəsmişdi.
***
Mən o qonaqlıqda iştirak etmişəm, amma Asimana söz verdiyimə görə, orada olub-bitənləri burada yazmayacağam. (Onu deyim ki, bizim adi qonaqlıq zənn etdiyimiz bu yığıncaq, kimlərinsə təşəbüsüynən bircə anda nişana çevrildi.)Bir də bunu deyə bilərəm: qızla oğlana təzədən üzük taxılanda Zeynəb qımışıb Asimanın qulağına nəsə dedi və ikisi də gülümsündülər. Sonra da Asiman kiçik dir qutunu qıza uzadıb yavaş səslə: "Toyumuzdan sonra açarsan”, - dedi.
Qonaqlıq bitəndə mən bu barədə Asimandan soruşanda o qıqırmızı qızarmış, əllərini ciblərinə dürtərək kəkələmişdi:
- Valla... Mən qo-qospitalda üzü sarıqlı te-televizorda danışanda təkcə o məni tttanıyıbmış... Qulağıma onu deyirdi... Bu hədiyyə isə... Zeynəb qutunun içinə baxmasa da... Özü bilir...
...Onların toyundan altı ay sonra Asimanın ayağındakı yara təzədən qövr elədi. Sümüyü qaralmağa başlayanda həkimlər məcbur olub, həmin ayağı dizdən kəsdilər. Üç aylıq müalicədən sonra ayağına yeni növ protez taxdılar.
Oğlan işlədiyi tikinti idarəsindən iki aylıq son əmək haqqı ala bildi. Qazi kimi kəsdikləri təqaüd isə 300 manat idi. Dolanmaq üçün heç olmasa, bir idarədə qarovuçu da olsa, işləmək istəyirdi.
Bir gün dostunun maşını ilə birbaşa icra hakimiyyətinə getdi və düz günün axırınacan gözləsə də, başçının qəbuluna düşə bilmədi. Güclə qəbula düşməyə cəhd edəndə polislərlə əlbəyaxa oldu. Polislər onu itələyəndə tək ayağı yerdən üzüldü, Asiman təzəcə qoyulmuş protezin üstünə ağırlığını salanda dizindən sancı kimi ağrı qopdu və oğlan üzü üstə yerə yıxıldı...
Qəsdilinə söykənib bir təhər ayağa qalxdı və kəkələyə-kəkələyə dedi:
- Əəyə, mən bir dəfə söz vermişəm e... Mən qoluma güvənib... Məni heş kimin üstünə göndərə billllməzsıııız!.. Eeeeermənidən başqa!.. Dövlətimin üstünə heş getmərəm!.. Əəəəəyə!..
Əsəbləri pozulmuş halda bayıra çıxdı. Onu bir qədər gözləyəndən sonra çayxanaya getmiş dostunun köhnə Jiqulisinə yaxınlaşdı, benzin açdı, boş su qabını doldurub, başına tökdü, maşından aralanıb, kibriti çəkdi...
Bircə anda sanki yerin altından çıxan internet televiziyası əməkdaşı bir göz qırpımında alova bürünən qazinin özünü yandırmasını canlı olaraq yayımlayır və bağıra-bağıra şərh edirdi:
- Cüllüt Asiman deyilən xüsusi təyinatlı qazimiz bir ayağını itirənnən sonra yüngül bir iş istəmək üçün icra hakimiyyətinə yollansa da, qəbula düşə bilməmiş, polislərlə əlbəyaxa olduqdan sonra bayıra çıxaraq özünə od vurmuş, alovu ərşə dayanmışdır.
İndi mən elə yana-yana onnan müsahibə almağa çalışacağam:
- Asiman bəy, siz nə üçün özünüzü yandırdınız? Axı canına qəsd etmək müsəlmançün günahdır?!
Artıq tamam alovlar içində olan qazinin bədənindən kamança səsinə oxşar bir səs çıxdı.
***
Xəstəxanada ondan ifadə alan müstəntiqin "Səni özünü yandırmağa nə vadar etdi?” sualına zarıya-zarıya "özü bilir” deyib, gözlərini yumdu.
***
Səhər bütün saytlar belə bir xəbər yayımladı: "44 günlük müharibəmizin qəhrəman qazilərindən Cüllüt Asiman özünü icra hakimiyyətinin qarşısında yandırıb. Bu, sayca özünə qəsd edən 63-cü qazimizdir.”
***
Asimanın cənazəsini çiynində aparan Zeynəb ərini torpağa tapşıranda məzara nişanda Asimanın ona verdiyi qutunu da atdı. Kibrit qutusu boyda o qutuda nə vardı? Bunu bircə cənazəni məzara endirən molla bilmişdi. Soruşanlara "qəlpə idi, birinci dəfə xəstəxanada yatanda bədəninnən çıxarılan qəlpə” demiş, ağlamışdı molla.
***
İcra başçısı təziyədə şəxsən iştirak etmiş, ehsan, başdaşı xərclərini öz hesabına ödəmişdi. Zeynəb onu qapıdan qovmaq istəsə də, atası yalvarıb-yaxarmış, qızını sakitləşdirə bilmişdi.
Ölümündən sonra adının çəkilməsini istəməyən bir iş adamı şəhid Asimanın (neçə vaxtdır çalışsalar da hələ də qazi kimi ölən Asimana şəhidlik statusu verilməmişdi) qəbiri üstündə öz hesabına abidə ucaltmış, Türkiyədə çalışan bir azərbaycanlı iş adamı isə Asimanın adını gəmiyə vermişdi.
Rayonlarında yaşayan bir yazıçı Asiman haqqında "Qartal Asiman” adlı kitab yazmışdı. Yenə Zeynəb etiraz etmiş, "mənim Cüllütümə niyə Qartal adı qoymusunuz, ay alçaqlar” deyərək dad edib ağlamış, özünü yerə sürtmüşdü.
Yenə ata-ana, qaynana işə qarışmış, icra başçısının məsləhətiynən bu addəyişmənin doğru olduğunu bildirmiş, Zeynəbi yenə susdurmuşdular. "Ayıbdı, bala, başçı düz deyir dənə, Cüllüt nəmədi?! O boyda qəhrəmana Cüllütmü deyərlər?! Səhər uşaxları məytəbə gedəndə nə deyəjəhlər, deyəjəhlər Cüllütünmü uşaxlarıyıx?!” – Asimanın anası gəlininə öyüd-nəsihət edə-edə özü də ağlamış, "Cüllütüm, laylay, Cüllütüm laylay” deyib hamını ağlatmışdı...
Həmin kitabın əlyazmasını şəhidlər haqqında iki kitab yazmış guya təcrübəli birisi kimi mənə göndərmiş, həm ön söz yazmamı, həm də redaktor olmağımı xahiş etmişdilər. Mən kitabın əlyazmasını oxuyandan sonra iki məsələyə etirazımı bildirmişdim: qəhrəmanın "Cüllüt” ləqəbi özünə qaytarılmalı, "...cı ildə aldığı güllə yaralarının təzədən baş verməsi nəticəsində əvvəlcə bir ayağını, sonra isə həyatını itirərək vəfat etmişdir” cümləsi əvəzinə "...cı ildə özünü yandıraraq faciəli surətdə həlak olmuşdur” cümləsini yazmağı təkid etmişdim. Lakin onlar kitabı özləri bildikləri kimi nəşr etmiş, məşhur zavod direktoru yazıçının aparıcılığı ilə icra hakimiyyətində geniş tədbir keçirmiş, ölkə televiziyaları bu tədbiri geniş işıqlandırmışdı.
Mən də ürəyimi soyutmaq üçün bu yazını yazsaı oldum.
2022