Tanınmış aktyor Ələsgər Məmmədoğlu dünyasını dəyişdi

Tanınmış aktyor Ələsgər Məmmədoğlu dünyasını dəyişdi

22-12-2015 01:31 / Bu xəbər 2504 dəfə oxundu

Tanınmış aktyor Ələsgər Məmmədoğlu dünyasını dəyişib. 

Bu barədə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrından xəbər verilib. O, bu gün axşam saatlarında vəfat edib.

Ə. Məmmədoğlu 9 fevral 1946-cı ildə Bakı şəhərində anadan olub. 1975-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1977-ci ildə Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib. 1982-ci ildə Sumqayıt Dövlət Dram Teatrına, 6 aydan sonra isə Tədris Teatrına keçib.

Ə. Məmmədoğlu bir çox teletamaşalarda, Şair ("Evləri köndələn yar” Anar), Milis ("Yaşıl eynəkli adam” V.Səmədoğlu), Nökər ("Mehmanxana sahibəsi” K.Haldoni), Dəmir -qaya "Topal Teymur” H.Cavid), Narsatan ("Qatarda” İ.Məlikzadə), Gümrah ("Alov” M.Hüseyn) kimi obrazlar yaradıb. "Mozalan” satirik kino- jurnalının 20 -yə yaxın süjetinə çəkilən Ə. Məmmədoğlu, "Ömrun səhifələri” (Ələsgər), "Xoşbəxtlik qayğıları”(Əlövsət), "Bəyin oğurlanması” (Ələsgər), "Tehran -43” (Qulam Rza) və başqa bədii filmlərin də iştirakçısıdır.

2002-ci ildə Ə. Məmmədoğlu Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülüb. (Kulis)