Avtomobilə etibarnamə nədən birilliyə verilsin ki?

Avtomobilə etibarnamə nədən birilliyə verilsin ki?

10-12-2021 14:54 / Bu xəbər 4495 dəfə oxundu

Və ya atasının maşınını sürən oğul niyə etibarnamə alsın ki?

Şölə Nuri
 
Mülki Məcəllənin (MM) 152.8-ci maddəsi deyir ki, mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə verə bilər. Başqa bir norma (362.1-ci mad.) isə etibarmaməyə "bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət” şəklində anlayış verilib.
 
Etibarnamə şəxsin əmlakına münasibətdə onu alana müvəqqəti səlahiyyət verir. Qanunvericilikdə etibarnamənin müddəti ilə bağlı konkret göstəriş yoxdur. MM isə onun istənilən müddətə verilə biləcəyini, müddət göstərilmədiyi halda, bağlandığı gündən bir il ərzində görəvli olduğunu bəyan edir. Lakin nəqliyyat vasitələrinə gəldikdə durum dəyişir. Belə ki, MM-in 363.3-cü maddəsi hökm verir ki, avtomobillərlə bağlı etibarnamənin müddəti bir ildən artıq ola bilməz.
 
Məhz avtomobillərə münasibətdə bu cür sərt yanaşmanın səbəbi bəlli deyil. Bununla bağlı hüquqçuların, ekspertlərin, avtomobil sahiblərinin, başqa maraqlı şəxslərin haqlı suallarına hələ ki ağlabatan cavab verilməyib. Bir mülk kimi digər əmlakdan avtomobilin nəyi artıq və ya nəyi əskikdir ki, bu cür diskriminasiyaya tuş gəlir? 

Niyə beş, üç il yox, məhz bir il? 

Mənzil, torpaq və digər əmlakla bağlı nədən on il və daha uzun müddətə etibarnamə vermək mümkün olsun, avtomobillə bağlı yox? 

Olmaya, qanunverici bu yolla etibarnamə adı altında avtomobillərin alqı-satqısı kimi geniş yayılmış praktikanın qarşısını almağı hədəfləyir?  
 
Başqa bir sual da avtomobili bir başqasının idarə edə bilməsi üçün ona etibarnamə verilməsi tələbinin legitimliyi, hüquqiliyi ilə bağlıdır. İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi nəqliyyat sahibinin maşında olduğu hal istisna olmaqla, onun etibarnaməsiz idarə edilməsinə görə qırx manat cərimə müəyyən edir. Başqa sözlə, polis avtomobili saxlayır, bəlli olur ki, onu idarə edənin etibarnaməsi yoxdur; avtomobilin sahibi DİN əməkdaşlarına avtomobilini həmin şəxsə öz razılığı birdəfəlik və ya müəyyən dövr üçün verdiyini bildirsə belə, onu etibarnaməsiz idarə edən şəxs məsuliyyətə cəlb olunacaq. 

Niyə? Oğurluğun qarşısını (qeyri-rəsmi daha çox bu arqument səsləndirilir) almaq üçünmü? 

Bunun üçün hüquq-mühafizə orqanları var, şikayət olacağı halda, faktla bağlı cinayət işi qaldırıb, bunu edən şəxsi məsuliyyətə cəlb etməyə heç nə mane olmur.
 
Qanunverici avtomobili etibarnaməsiz idarə edən şəxslərin hamısını potensial cinayətkar gözü ilə görürsə, "təqsirsizlik prezumpsiyası” hüququ harda qaldı? Kimsə avtomobili oğurlaya biləcəksə minlərlə, bəlkə də, on minlərlə adamı hər il etibarnaməni təzələməyə, buna görə az olmayan məbləğdə rüsum ödəməyə məcbur etmək, əsəb və vaxt itkisinə məruz qoymaq dövlət idarəçiliyi qanunçuluq, hüququn prinsiplərinə nə dərəcədə uyğundur?

Avtomobil sahibinin iradəsi dövlət üçün çox önəmlidirsə, həmin şəxsin bunu telefonla və ya videoçəkilişlə təsdiqləməsi niyə yetərli sayılmasın ki? Etibarnamə bütün hallarda belə vacibdirsə, müddət məsələsi niyə onu verənin öz mülahizəsinə buraxılmasın ki?
 
Və nəhayət: Bütün bu çətinliklərə baxmayaraq niyə adamlar alqı-satqıya yox, etibarnaməyə üstünlük verirlər? Təkcə elə minik avtomobillərinin özgəninkiləşdirilməsindən sonra Dövlət Yol Polisində (DYP) onun dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləğinə göz yetirmək yetərli ki, bu və başqa sualların cavabları aydın olsun. 

Səbəb - alqı-satqının və polisdəki sonrakı rəsmiləşdirmə ilə bağlı bağlı prosedurların mürəkkəbliyi, rəsmi rüsumların yetərincə yüksək məbləği və çox hallarda onları belə bir neçə dəfə üstələyən əlavə haqq (rüşvət). 

Şərtlər, prosedurlar rahat olsa, avtomobilini satan və ya onu alanlar qanuni yoldan yararlanarlar.