Cəmil Həsənli AMEA-da yaradılan Mərkəzdən yazdı: "Gözləntim yoxdur"

Cəmil Həsənli AMEA-da yaradılan Mərkəzdən yazdı:

30-11-2020 00:28 / Bu xəbər 2082 dəfə oxundu

Cəmil Həsənli
Milli Şuranın sədri, professor

Sosial mediadan (Anar Məmmədlinin postundan) öyrəndim ki, Akademiyada Qafqaz Albaniyası ilə bağlı mərkəz yaradırlar. Doğrusu, Azərbaycanda albanşünaslığın hələ bir müddət sovet dövründəki tədqiqatlardan qabağa gedəcəyini düşünmürəm. Ona görə ki Sovet dövründə Azərbaycanda albanşünaslıqla bağlı, həqiqətən, maraqlı, dərin elmi səviyyəli tədqiqatlar aparılıb. 

Xüsusiylə, Qafqaz Albaniyasının maddi-mədəniyyət abidələri Azərbaycan arxeoloqları tərəfində yaxşı öyrənilib. Lakin həmin dövrdə "peer-reviewed" məsələləri yalnız SSRİ miqyasında idi. Amma əminliklə deyə bilərik ki, həmin dövrdə Azərbaycan alimlərinin əsərləri albanşünaslıq sahəsində dünya elmi səviyyəsindən bugünkü qədər geri qalmırdı. Məsələn, elmlər doktoru Kamal Əliyev vardı. Onun Qafqaz Albaniyası ilə bağlı 1974-cü ildə nəşr edilən  "Antik Qafqaz Albaniyası (e.ə I – b.e. I əsrləri)" kitabı çox maraqlı bir tədqiqat idi. Bundan əlavə onun Antik dövrlə bağlı VIII beynəlxalq konfransın materiallarında dərc edilmiş "К вопросу о племенах Кавказской Албаиии" məqaləsi də albanşünaslıq sahəsində öz yeniliyi ilə seçilirdi. 

Bura arexoloqlardan Cabbar Xəlilovun 1974-cü ildə müdafiə etdiyi "Qafqaz Albaniyasının maddi mədəniyyəti (e.ə. IV – b.e. III əsrləri)" mövzusunda doktorluq dissertasiyası, Rəşid Göyüşovun ermənilərlə 3 illik gərgin mübarizədən sonra 1979-cu ildə Tbilisidə müdafiə etdiyi "Qafqaz Albaniyasında xristianlıq" adlı doktorluq dissertasiyası, İlyas Babayevin 1983-cü ildə SSRİ EA Arxeologiya İnstitutnda "Qafqaz Albaniyasının şəhərləri. (e. ə. IV - e. III əsrlərində)” mövzusunda doktorluq dissertasiyası, Ömər İsmizadənin "Кабала – столица древней Кавказской Албании" əsəri, Fazil Оsmanovun "Qafqaz Albaniyasının maddi mədəniyyəti"  və digərlərinin əsərləri bu gün də öz elmi əhəmiyyətini saxlayır. 

Voroşil Qukasyanın  "Тюркизмы в "Истории албан", Yanpolskinin "Древняя Албания III–I вв. до н.э.", Nəsrulla Rzayevin "Искусство Кавказской Албании (IV в. до н.э. – VII в. н.э.)" əsərləri Qafqaz Albaniyası ilə bağlı nadir tədqiqatlar sayıla bilər. 

Əlbəttə, Fəridə Məmmədovanın ən çox mübahisələrə səbəb olan "Политическая история и историческая география Кавказской Албании (III в. до н. э. —VIII в. н. э." və Azərbaycan dilində "Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası" əsəri bu istiqamətdə yeni elmi mərhələ idi. Fəridə xanımın tədqiqatı bütün Sovet və erməni albanşünaslığında daha çox tənqidi xarakter daşıyan ciddi müzakirələr doğurdu, amma zəngin mənbələrə söykəndiyi üçün tənidə dözümlü çıxdı. 

Bir neçə il əvvəl Tarix  İnstitutunda ona və bu əsərə qarşı başlayan kampaniya elmi yox, daha çox təqib xarakteri daşıyırdı. Onu tənqid edənlərin heç birisi Qafqaz Albaniyası ilə bağlı araşdırmaçı deyildilər. İttihamlar elmi yox, millətşüvənlik xarakterli siyasi ittihamlar idi. Hər halda yaxın gələcəkdə elmi dəyərinə görə Qafqaz Albaniyası ilə bağlı bu səviyyədə bir əsərin yazılacağı inandırcı görünmür. Onu tənqid edənlər nə deyirdilər? Deyirdilər ki, Qafqaz Albaniyası heç kimə lazım deyil, bizə Atropatena lazımdır, bu kitab Azərbaycanın dövlət maraqlarına cavab vermir. Hətta Qafqaz Albaniyası haqqında heç bir elmi tədqiqat aparmayan və heç bir ciddi mənbə ilə tanış olmayan Akademiyanın Naxçıvan filialı əsərə rəy vermişdi ki, bu əsər yanlış mənbələr əsasında yazılıb. Halbuki, müəllifin istifadə etdiyi mənbələrdən rəy verənlərin xəbəri yox idi. 

Əlbəttə, bütün bunların elmə heç bir aidiyyəti yox idi, təşkil olunmuş qaralama kampaniyası idi. Şübhəsiz ki, bu kampaniya Azərbaycanda albanşünaslığa ağır zərbə vurdu. Əslində, SSRİ-nin dağılmasından sonra güclənən cəhalət İslamaqədərki Azərbaycan mədəniyyətinin, Azərbaycan ərazisində xristianlıqla, Qafqaz Albaniyası abidələri ilə bağlı xeyli arzuolunmaz meyllər doğurmuş, xristian abidələrinin Azərbaycana aidiyyəti olmaması, haqqında elmə zidd fikirlər səsləndirilməyə başlamış, Elmlər Akademiyası Ətağanın yubileyini keçirən "elmi" idarəyə çevrilmişdi. 

Bütün bunlar Qafqaz Albaniyasının tarixi, mədəni, siyasi irsindən imtina kimi çox yanlış nəticələrə gətirib çıxardı. Fəridə Məmmədovanın təqibi bir sıra hallarda Azərbaycanda albanşünaslığın təqibi fonunda aparılırdı və bu da Qafqaz Albaniyası ilə bağlı tədqiqatlara marağı azaltmaya bilməzdi. 

İndi Akademiyada Qafqaz Albaniyası Mərkəzi yaranır. Mübarək olsun. Amma bu yuxarıda adlarını çəkdiyimiz alimlərin böyük elmi araşdırmalarının mənimsənilməsinə gətirib çıxarmamalıdır. Əslində həmin əsərlərin, həmin doktorluq dissertasiyalarının  müxtəlif dillərdə yenidən nəşri Qafqaz Albaniyası ilə bağlı tarixi həqiqətlərin yayılmasına, onun məhz bizə aid olmasına və həmin irsə söykənərək irəli gedilməsinə yardım etmiş olardı. Amma doğrusu elə bir gözləntim yoxdur, bu Mərkəz işğal altında olan ərazilərin azad olunması fonunda daha çox kampaniyaçılıq mərkəzinə oxşayır.