III Qarabağ müharibəsi mifi

III Qarabağ müharibəsi mifi

22-07-2021 01:29 / Bu xəbər 1597 dəfə oxundu

Fikrət Cəfərli

Hakimiyyət bəzi sözçülərini proqramlaşdırıb salıb cəmiyyətin canına ki, ay aman, qoyma gəldi, 3-cü Qarabağ müharibəsi hər an başlaya bilər.

Bunu ona görə edirlər ki, heç kim hökümətdən heç nə tələb etməsin, şəhid ailələrimiz, qəhrəman qazilərimiz onlara edilən haqsızlığa dözməli, vətəndaş sosial problemlər içində boğulsa da, susmalıdır. 

Psevdovətənpərvərlər, "patriotlar" da özlərini didib-dağıdırlar ki, indi hakimiyyətlə xalq birliyinin zamanıdır. Belə çıxır ki, bundan sonra Xankəndi münaqişəsi daxili gərginlikləri ört-basdır etmək üçün hakimiyyətin əlində yenə də vasitə olaraq qalacaq.

Necə ki 30 il işğal altında saxlanılmış Dağlıq Qarabağ və ətraf rayonları, Azərbaycan hakimiyyətinin sosial-siyasi, seçki, insan hüquqları, geosiyasi maraqlarının təmin olunması üçün vasitə olmuşdu.

Əslində isə hakimiyyət laxlayan kimi, onun havadarı Rusiyanın  yadına düşdü ki,  regionun iqtisadi maraqları inkişaf etdirilməli, böyük iqtisadi-siyasi, kommunikasiya layihələri işə düşməlidir.

Regionda yaranmış  geosiyasi vəziyyət  diqtə edirdi ki, artıq  Dağlıq Qarabağ konflikti həllin tapmalıdır. Rusiya yaxşı bilirdi ki,  Dağlıq Qarabağ müharibəsində "qalib" olan Ermənistan könüllü olaraq Qarabağdan çəkilməyəcəyi təqdirdə onu zorla bu yoldan çəkindirmək olar. Onu da bilirdi ki, uzun müddət hazır vəziyyətdə müharibə gözləyən qüdrətli Azərbaycan Ordusu qısa müddətdə münaqişəni hərb yolu ilə həll edib, düşməni darmadağın etmək gücündədir.

Çox təəssüflər olsun ki, hakimiyyətin polit-texnoloqlarının hazırladığı şouda yer alan, özünü müxalifət sayan siyasi partiyalar, politoloqlar və bəzi jurnalistlər də ciddi cəhdlə cəmiyyətə sübut etməyə çalışırlar ki, həqiqətən də, 3-cü Qarabağ müharibəsi başlaya bilər.

3-cü Qarabağ müharibəsinin mümkün olmadığını bilə-bilə, bunu "siyasətçilərə", "politoloqlara" dedizdirib, yanlış rəy formalaşdırada bilirlər və çox təəssüflər olsun ki, cəmiyyətin müəyyən hissəsi də buna inanır. Baxmayaraq ki, münaqişə zonasında  Ermənistan-Azərbaycan konflikti bitib, lakin Rusiya Azərbaycanı daim təziq altında saxlamaq məqsədilə orada Xankəndi və ətraf yaşayış ərazilərini girov saxlayıb. 

Görünür, bunlar, həqiqətən də, ya siyasi şou ilə məşğuldurlar, ya da hakimiyyətin əlaltılarıdırlar, üçüncü variant yoxdur.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir. Arqument.az-ın mövqeyi müəllifin mövqeyi ilə üst-üstə düşməyə bilər.