Möcüzə qadın

Möcüzə qadın

23-02-2022 11:14 / Bu xəbər 5355 dəfə oxundu

Simagilin ailəsi kəndin ən seçilən, hörmət edilən ailələrindən idi. Atası Əhməd kişi zəhmətkeş bir adam idi, fəhlə işləyirdi. Ali təhsili yox idi, məktəbi də 8-ci sinfə kimi oxumuşdu. Deylənə görə, atası ona çox qayğı ilə davranardı. Zamanın tələbinə görə vətən üçün, haqq üçün savaşanların yanında olub. 

Qaçaqlara gizli kömək edərdi. Ömrünün çoxunu ailəsinin yanından çox, dağda-çöldə qaçaqlara kömək etmək, yardım daşımaqla keçirərdi. Həm də dediyini edən adam olub. Ona görə kənd arasında ona "dəli” ləqəbi də verilmişdi. Hamı onu Dəli Dadaş kimi tanıyardı.

Əhməd belə mərd, dediyi sözün ağası olan bir kişinin oğlu idi. Özü də atası kimi haqq-ədalətdən yana idi. Evindən qonaq, süfrəsindən kimsə əskilməzdi. Əhməd kişinin əsas xasiyyətlərindən biri də o idi ki, qazancını geyimə verməyi sevməzdi. Ən çox yeməyə xərcləyərdi. İmkan verməzdi ki, ailəsi, 8 övladı aclıq çəksin. Həmiə deyərdi ki, gərək adamın qarnı tox olsun, paltar bir dəst olanda bəs edir, insanlıq geyimlə olmur.

Evin xanımı Narın xanım da sadə, ədəbli bir xanım idi. İkinci sinifdən sonra kasıblıq, müharibə, atasızlıq kimi səbəblərdən məktəbə gedə bilməyən Narın xanım yoldaşı həftələrlə Daşüz fermasında mal növbəsində olduğu üçün çoxu zaman evin həm kişisi, həm qadını olurdu. Bütün ağır işləri də özü görürdü. Uşaqlar bir qədər böyüyüb iş-gücdə ona az-çox kömək edənə kimi Narın xanımın əziyyəti çoxuydu. Hər şeyə rəğmən bu ailə çox xoşbəxt idi.

Sima ailənin sayca 4-cü övladı idi. Özündən böyük iki qardaşı, bir bacısı, özündən balaca üç qardaşı, bir bacısı vardı. O bütün övladlardan fərqli idi. Həm düşüncəsi, həm bacarığı, həm təmizkarlığı, həm də xasiyyəti ilə seçilirdi. Kəndin işinin ağırlığı hər kəsə məlumdur. Hər fəsildə özünə görə iş olduğu halda payız bir başqa idi. Çünki kəndçinin əsas gəlir mənbələrindən biri olan qoz-fındıq, mer-meyvə yığımı, onu qışda saxlaya bilmək üçün hazırlıqlar heç də asan deyildi. Bütün bunlarla yanaşı, Simagil gözünü açandan anaları xəstə idi. Ona görə evdə bir az böyük uşaqlara da çox yük düşürdü. Əhməd kişi də uşaqlara qarşı çox ciddi davranardı. İşlərin tökülüb qalmasını heç sevməzdi. Sabah erkəndən hamı böyükdən-kiçiyə mütləq durub dərsə gedənə kimi işlərin çoxunu görüb sonra məktəbə getməliydi. Ona görə hər sabah hər kəs erkəndən oyanırdı. Ağacların dibinin meyvəsi toplanır, qoz, fındıq, şabalıdı yığılır, su daşınır, təndirə çırpı hazırlanır, mal-qara, toyuq-cücə yemlənirdı. 

Saat 6-da samovar süfrənin başında pıqqapıq buxarlanmalı, xoruzquyruğu dəmlənmiş çay incəbelli armudu stəkana süzülmüş olurdu. Əhməd kişinin ev əhlini oyatmaq üsulu da çox qəribəydi. Sabah erkəndən radionu açar, səsini çox yüksək qoyar, daha sonra: "Durun, Məsmə xanım gəlib, durmaq vaxtıdır", - deyə hər kəsi hay-küylə oyadarmış. 

Məsmə xanım da radio aparıcısı idi. Hər sabah 5-də Bakı radiosundan səslənərmiş: "Diqqət! Diqqət! Danışır Bakı! Sabahın xeyir, Azərbaycan!"

Bütün bu qədər iş-gücün arasında,çətinliklərə rəğmən Sima dərs əlaçısı idi. Oxumağa marağı hədsiz idi. Bütün fənləri gözəl oxuyurdu, riyaziyyat, ədəbiyyat və kimyaya başqa marağı vardı. Amma ona ali təhsil qismət olmadı. Ona görə yox ki, atası savadsız, dünyagörüşsüz idi, oxutmadı. Oxumamaq səbəbi o idi ki, Əhməd kişi daha çox böyük oğlu Elbrusu oxutmaqda maraqlı idi. Amma o zaman imtahandan kəsilən oğlu atanın həvəsini qırır. Ondan sonra övladlarını oxutmaq sevdasından vaz keçdi. Amma böyük qızı İzulə kitabxanaçılıq təhsili alır. Sima isə yeyinti sənayesi ixtisasına qəbul olunur, ikinci kursda oxuyanda təhsilini yarımçıq qoyub ailə qurur. Yoldaşı oxudacağına söz versə də, sözünü tutmur, oxumağı yarımçıq qalır. Üç övladı olan Sima şəhərdə yaşayır. Övladlarının təhsilli olması üçün həm yoldaşı, həm özü var qüvvəsi ilə çalışır, hər üçünə ali təhsil verirlər.

Kənd həyatından çıxmış, qorxaq, çəkingən, dünyagörüşü zəif olan Sima şəhər yaşamı ilə ayaqlaşmağa çalışır. Hər zaman davranışı,bacarığı, gözəl əxlaqı ilə hörmət qazanır, diqqət mərkəzində olur. Çoxunun sevimlisi olur, amma ən əsas üç balasının möcüzə qadını olur. Böyük qızı hər zaman onun bütün iş, davranış,hərəkətlərini diqqətlə izləyir, eyni onu təqlid edir. O anasını xüsusi heyranlıqla,sehrli imiş kimi izləyir, qəbullanır. Hər şeyinə heyran qaldığı bu xanıma ən çox vurğun olma səbəbi onun dadlı xörəkləri olur. Balaca olduğu üçün anlamır ki, anası Sima xanım bunu necə bacarır? Axı insan nə qədər savadlı, nə qədər möcüzəli, sehrli olar ki, bu qədər yeməyi qarışdırmır bir-birinə, unutmur, hamısını dəqiq yadında saxlaya bilir, hamısı da bu qədər möhtəşəm dadır?! 

Oğlu da Sima xanımın əziyyətlərini görür, daim ona layiq olmağa çalışır. 
- Anam, böyüyüm, səni saraylarda yaşadacağam, bütün acılarını ,əziyyətlərini sənə unutduracam, - deyir.

Balaca qızı üç övladın arasında anası ilə dost, rəfiqə kimi böyüyən tək uşaq olur. Hər zaman anasına ən yaxın dost,sirdaş,ortaq olur. Həmdən qulaq yoldaşı olur. Həyatın sınaqları, imtahanları hamı kimi Simanın da həyatından yan keçmir. Hər imtahandan üzüağ çıxan bu möcüzə qadının hər yaşda sevilmə səbəbi olan xasiyyətlərinin ən zirvəsi sədaqəti olur. Övladlarını yerbəyer edib: "Allah, sənə şükür", - deyib nəvə-nəticə ilə ömür sürəsi vaxtda həyat onu yoldaşı ilə sınayır.

Arxa-dayağı olan yoldaşı Polad ağır xəstəliyə tutulur. Beyin kiçilməsi diaqnozu qoyulan Polada altı ildən çoxdur ki körpə uşaq kimi özü baxır. Çoxu ona Poladı xəstəxanaya yerləşdirməyi məsləhət görsə də, Sima: "Nə qədər ki mən sağam, ölənəcən özüm baxacağam", - deyir.

Kimsəylə razılaşmır, bütün əziyyətinə özü qatlaşır. Bu günə qədər övladları və yaxınları üçün üçün əlçatmaz mələk, möcüzə qadın olan fədakar Sima indi hamının "Möcüzə qadını” olaraq sevgi, hörmət sahibidir. Səbri, dözümü, qayğısı,s evgisi, sədaqəti, sadiqliyi ilə hər kəsin sevimlisinə çevrilib. 

Hər yaş üstünə yaş gələndə Sima övladlarının süprizləri ilə qarşılaşır. Hər doğum günündə onun üzünü güldürməyə çalışan övladları möcüzə qadınla nəfəs alır, daim ondan nələrsə öyrənirlər. Oğlu Əfqan işi ilə əlaqədar olaraq həftəsonları gələ bilir deyə neçə ildir ki, anasının doğum gününü bir neçə gün irəli çəkirlər. Hər il möcüzə qadına 2 dəfə doğum günü qeyd edirlər. Hətta oğlu onunla belə zarafat da edir: 
- Ay oğul, Bakıdan bura bir gün üçün əziyyət çəkib gəlmə. Varlığın bəsdir.
-  Ay ana, sənə quzu kəsim, mən hər il nənəmə 4-5 gün öncədən yalvarıb dil tökürəm ki, səni bir neçə gün tez dünyaya gətirsin. O yaşlı nənəmin əziyyətinin yanında mənimki nədir ki?

Yenə həmin tarix, yenə möcüzə qadının doğum günü... Bu il də doğum günü bir neçə gün qabağa çəkildi. Sabah açılandan təbrik mesaj və zəngləri susmur. Pəncərə önündə xəyala gedən möcüzə qadını qapının səsi ayırır xəyallardan: 
- Salam, Sima xanım sizsiniz?
- Salam, xoş gəlmisiniz, bəli.
- Bu güllər sizin üçündür, buyurun.
- Çox sağ olun!
Üzərindəki not möcüzə qadını kövrəldir:
- Sənin üzünün gülüşü bizim gülüş, yaşam səbəbimizdir. Səni sevmək üçün bizim xüsusi günə, tarixə ehtiyacımız yoxdur. Yaxşı ki, varımızsan! Yaxşı ki, bizim anamızsan, möcüzəmizsən! Doğum günün mübarək, güllər kimi özəl, gözəl möcüzə qadın!    
İndi siz deyin, bu övladlar haqsızdırmı?

Günel İbrahimova
23.02.2022

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.