Bölgələrdə şagirdlər rəqəmsal dünyaya təşviq olunur

Bölgələrdə şagirdlər rəqəmsal dünyaya təşviq olunur

05-01-2024 23:23 / Bu xəbər 722 dəfə oxundu

Balakən rayon Qazbinə kənd tam orta məktəbin informatika müəllimi Nərmin Həbilovanın rəhbərlik etdiyi  "STEAM - sizlərlə GƏLƏCƏK” layihəsi  VII qrant müsabiqəsində qalib olub. 

Müəllim Nərmin Həbilova layihə barədə "Arqument.az"ın bölgə müxbirinə danışıb. 

Onun sözlərinə görə, iyulun 28-də nəticələri açıqlanan "Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi”nə ümumilikdə 1407 layihə təqdim edilib. 

Müsabiqəyə daxil olan layihələrin 279-u ümumi təhsil müəssisələrinin, 1128-i isə təhsilverənlərin fərdi layihələridir. 

Bütün layihələr qəbul edildikdən sonra texniki ekspertiziya mərhələsindən keçirilib və 1398 layihə məzmun ekspertiziya mərhələsinə buraxılıb. 

Qrant verilməsi nəzərdə tutulan layihələrin 72-si ümumi təhsil müəssisələrinin, 153-ü isə təhsilverənlərin fərdi layihələridir. 

Həmin layihələrdən biri də Balakən rayon Qazbinə kənd tam orta məktəbinin informatika müəllimi tərəfindən yazılan "STEAM - sizlərlə GƏLƏCƏK" layihəsi olub.

Ucqar kənd məktəbində STEAM ləvazimatları alınaraq, şagirdləri ən son texnolojilərlə tanış etmək, beynəlxalq yarışlarda şagirdlərin iştirakını təmin etmək layihənin vacib məqsədlərindən biri olduğunu qeyd edən layihə rəhbəri Beynəlxalq SAF 2023 festivalında şagirdlərlə birgə işirak edərək uğur əldə edə bilib. 

10 komanda içərisində şagirdlər II yerin sahibi olublar.

Müəllimə deyib ki, "STEAM - sizlərlə GƏLƏCƏK" layihəsinin məqsədi Qazbinə kənd tam orta məktəbində təhsil alan 5-9-cu sinif şagirdləri üçün STEAM dərslərin təşkilindən ibarətdir. 

Onun sözlərinə görə, dərslərdə şagirdlər 3D modelləşdirmə ilə real həyatda istifadə edə biləcəkləri modellər yaradaraq 3D printerdə çap etmək bacarığını formalaşdırmaq, mikrobit ilə rəqəmsal dünyada iştiraka həvəs, Matatalab, Lazer CNC ilə tanışlıq və kəsim, VR və AR ilə iş öyrənəcəklər.

Layihənin icra posesi 25 sentyabr 2023-cü il tarixindən başlanılıb, 25 yanvar 2024-cü il layihənin icra prosesi yekunlaşacaq.

Dərslər Qazbinə kənd tam orta məktəbin informatika otağında keçirilir. 

Layihə təlimçisi Balakən şəhər Nəsimi adına 2 nömrəli tam orta məktəbin STEAM müəllimi Nübar Qurbanovadır.

"Qeyd etmək istəyirəm ki, layihə çərçivəsində alınan bütün ləvazimatlar Qazbinə kənd tam orta məktəbin invertar siyahısına əlavə olunacaq və bütün ləvazimatlar dərslərdə müəllimlər tərəfindən istifadə olunacaq", - deyə Nərmin Həbilova bildirib.