Müsavat seçkidən imtina etdi - QƏRAR

Müsavat seçkidən imtina etdi - QƏRAR

28-10-2015 17:45 / Bu xəbər 3223 dəfə oxundu

Müsavat Partiyası bu gün - oktyabrın 28-də parlament seçkilərindən çəkilməyi qərar verib.
 
Arqument.Az xəbər verir ki, partiya parlament seçkilərində iştirakdan son anda imtina edib. Bu barədə Müsavat Partiyası rəhbərliyi keçirdiyi mətbuat konfransında məlumat verib.
 
Partiya başqanı Arif Hacılı qeyd edib ki, Müsavat seçkinin müxtəlif mərhələlərində iştirakı, həmçinin boykotu  müzakirə edəcəyini bildirmişdi. O, seçkiqabağı və təbliğat prosesində baş verən qanun pozuntularından danışıb və qeyd edib ki, hakimiyyət seçki prosesini artıq cari məsələ kimi həyata keçirir.

A.Hacılının sözlərinə görə, Partiya Divanının oktyabrın 28-də keçirdiyi iclas zamanı bu qərara gəlinib və seçkiyə qatılan 25 partiya üzvünün də bu qərara hörmət edəcəyinə ümid edir. 

Partiyanın mətbuat xidmətinin yaydığı məlumatda Müsavatın seçkiləri boykot etməsinin aşağıdakı səbəbləri göstərilib: 

- Siyasi məhbusların həbsdən azad edilmədiyi; 
- Seçki qanunvericiliyində demokratik islahatların aparılmadığı; 
- Seçki komissiyalarının hakimiyyətin tam nəzarəti altında olduğu; 
- Namizədlər arasında ayrıseçkiliyə yol verildiyi; 
- Müsavat Partiyasının çox sayda namizədinin qeiydiyyatından əsassız imtina edildiyi, 
- namizədliyin irəli sürülməsi, imza toplanması, namizədlərin qeydə alınması dövründə namizədlərə, imza toplayan şəxslərə və müxalifət namizədlərinin xeyrinə imza verən seçicilərə qarşı qanunsuzluqlar və zorakılıqların törədildiyi; 
- Bərabərhüquqlu təbliğat imkanlarının yaradılmadığı; 
- Müstəqillik tariximizdə ilk dəfə olaraq namizədlərə və siyasi partiyalara pulsuz efir vaxtının verilməməsi səbəbindən ictimai debatların olmadığı; 
- ATƏT-in Müşahidə Missiyasının ölkəyə buraxılmadığı; 
- Müxalifətdən olan namizədlərin seçki məntəqələrinə məşvərətçi səs hüquqlu komissiya üzvü və müşahidəçilərin iştirakının qarşısının qeyri-qanuni alındığı; 
- Seçki kampaniyası dövründə MSK və dairə seçki komissiyalarının, Apellyasiya və Ali Məhkəmənin verdikləri qanunazidd qərarların davam etdiyi; 
- Seçkilərin azad və ədalətli keçiriləcəyinə heç bir etimadın qalmadığı.
 
Arqument.Az