"Müsavatın qaçılmaz çöküşü..."

02-09-2022 14:26 / Bu xəbər 1408 dəfə oxundu

Müsavat Partiyasının kemiş Divan üzvü, tarixçi Yadigar Sadıqlı son günlər ona ünvanlanan tənqidlərə "Feysbuk" səhifəsində cavab verib.

Arqument.az həmin yazını oxuculara təqdim edir:

Yadigar Sadıqlı

Təbiətimə görə ictimaiyyətçi, kollektivçi deyiləm, individualistəm. İctimai işləri xoşlamamışam. Ona görə də orta məktəbdə oxuyanda üçüncü sinifdə iki aylıq sinifkomluğumu çıxsaq, heç bir vəzifə daşımamışam. O sinifkomluğu da bir sinif yoldaşımı döydüyümə görə aldılar) Yuxarı siniflərdə başqa təkliflər oldu, qəbul etmədim. 

Əsgərlikdə təlim alayında 4 aylıq xidmətdən sonra kiçik çavuş rütbəsi aldım. Yeni getdiyim yerdə tim komandirliyi təklif etdilər, birtəhər boyun qaçırdım. Kiçik çavuş olsam da 1 il sıravi əsgər vəzifəsi tutdum. Çünki belə daha rahat idi mənə. İstəyəndə samovolkaya gedirdim, istəyəndə kaptyorkaya girib yatırdım. Səhər idmana çıxmırdım. Bir ildən sonra taqım komandirinin müavini olmağa razılıq verdim. Çünki qış gəlirdi, karaul vaxtı postda qalmaqdansa, karaul rəisini müavini olmaq üçün. Onda da bezdim, səhər bölüyü (həm də bölük starşinası vəzifəsini icra edirdim) idmana çıxar, gündə üç dəfə yeməyə, axşam gəzintiyə apar. Aprel gəldi, havalar qızdı, ondan da imtina etdim.  

Əsgərliyi 1989-cu ildə bitirdikdən sonra BDU-nun tarix fakültəsində təhsilimi davam etdirdim. Dövr hansı dövr idi, bilirsiniz, mitinqlər, tətillər, sonra 20 Yanvar, 40 gün tətil və s. Fakültəm də ən siyasiləşmiş fakültə idi. Buna və demokratik hərəkata bütün rəğbətimə baxmayaraq, AXC-yə üzv olmadım. Hərçənd, demək olar ki, bütün mitinqlərdə iştirak edirdim. 

Bir yandan individuallığım, bir yandan da daha yaxından iştiraka ehtiyac duymadığımdan üzv olmurdum. Müşahidələrimə görə SSRİ dağılmağa gedirdi, Cəbhənin hakimiyyətə gəlişi də labüd idi. Daha mənə nə ehtiyac vardı ki?

2000-ci ildə isə Müsavata üzv oldum. Çünki bu dəfə müşahidələrim hər şeyin pisləşməyə getdiyini göstərirdi. Özümə söylədim ki, başqaları daha yaxşı Azərbaycan uğrunda mübarizə apararkən, sən kənarda qala bilməzsən. Sən də bir işin qulpundan yapışıb dəstək verməlisən, Müsavatı daha yaxşı, daha güclü, daha populyar etməyə öz töhfəni verməlisən. Bu sənin ölkən və xalqın qarşısında borcundur. Sənin kimi müəyyən potensialı olan adamlar kənarda qalarsa, bu ölkə necə yaxşı ola bilər? Bir sözlə, sən yanmasan...
Əslində iki il daha əvvəl üzv olmaq istəyirdim. Amma o zaman işsiz idim və kabab iyinə gələn adam təsiri bağışlamaq istəmirdim. 2000-ci ilin sentyabrında Lənkəran universitetində müəllim işinə düzəldim. Parlament seçkiləri ili idi, Müsavatı qeydə almadılar və bu, səbr kasamı daşdırdı. Sentyabrın 29-da, doğum günümdə Müsavata daxil olmaq üçün ərizə verdim.

Bir işin qulpundan yapışanda da "yola vermək” mənlik deyil. Müsavatçısansa, hər zaman, hər yerdə bu ada layiq davranmalısan. Ona görə də 2003-cü il prezident seçkilərindən sonra uiversitetdən çıxardılar, amma diplomatik korpusun təzyiqi ilə 40 gün sonra bərpa etməli oldular. Üzv olandan 3,5 il sonra Lənkəran təşkilatının sədri oldum. İnternetdə Müsavatın birinci təbliğatçısı mən olmuşam, rusdilli forumlarda musavatist nikneymi ilə. İşlədiyim universitetə öz qaydalarımı qəbul etdirdim – hakimiyyəti tərifləyən, müxaifəti söyən heç bir yığıncaqda iştirak etməyəcəyəm, məni zorla qəzətə abunə yazdıra bilməzsiniz, mənə zorla hansısa kitab, jurnal sata bilməzsiniz, hətta seçki, referendum dövründə tələbələrə buklet paylamaq hüququm var, paylayacağam və s. 2010-cu ildə növbəti dəfə universitetdən çıxardılar, bu dəfə diplomatik korpusun ağzı daha qatıq kəsmirdi.

2011-ci ildə başqan müşaviri oldum. 2013-cü ildə həbs edildim, siyasi məhbus kimi tanındm. Həbsdə ikən Divan üzvü seçildim, başqan müavini təyin olundum. Həbsdən çıxandan sonra mənə olan münasibət Arif Hacılıdan sonrakı potensial başqan münasibəti idi. Amma partiyada baş verən bir çox şeylərlə razılaşmayıb tənqidçi mövqe tutanda münasibət dəyişdi. Müsavatın qaçılmaz görünən çöküşünün qarşısını almaq üçün son çarəyə əl atdım, başqanlığa namizədliyimi verdim, nəticəsini özünüz bilirsiniz.

İndi bəziləri mənim motivimi öz ağıllarınca və ya qəsdən cılızlaşdıraraq inciklik kimi qələmə verirlər, qurultayda az səs yığmağımla izah edirlər. O şər-böhtan kampaniyasının və İsa Qəmbərin həm qurultay qabağı, həm qurultay zamanı çıxardığı hoqqaların müqabilində 20 nəfər yenə mənə inanıb səs veribsə, böyük işdir.

Motiv isə, əlbəttə, inciklik deyil. Yuxarıda dedim, mən Müsavata töhfə vermək üçün, onun daha yaxşı etmək üçün gəldim, qarşıma çıxan bütün yolayrıclarında Müsavat yolunu tutdum, tələb olunan bütün qurbanları verdim və bugün  Müsavatın belə vəziyyətdə olması məni yandırır.

Son qurultayda hər 10 üzvə 1 nümayəndə kvota ilə qurultaya 400-dən bir qədər az nümayəndə seçildi. Belə çıxır, qosqoca Müsavatın cəmi 4 min üzvü var. Əslində isə heç o qədər deyil. Partiyada yetərsay 1/3-dir. Yəni ümumən 4000 nəfərin adı ilə keçirilən toplantılarda ən yaxşı halda 1500 nəfər iştirak edib. Başqa sözlə, Müsavatın 1500 qismən fəal (yəni çağırsan toplantıya gələcək) üzvü var. 

Əvvəl hər hansı seçki dairəsində  Müsavatın namizədi olmaq üçün 2, bəzən 3 nəfər mübarizə aparırdı. Rəhbərlik də qalırdı belə ki, necə edək birini seçək, ikinci, üçüncü inciməsin. Son seçkilərdə 125 dairə müqabilində yalvar-yaxarla 64 namizəd irəli sürüldü. Bir çoxlarını da inandırmışdılar ki, narahat olma, onsuz da qeydə almayacaqlar, Avropa məhkəməsindən filan qədər kompensasiya alacaqsan. Hakimiyyət də hamısını qeydə aldı. Yeri gəlmişkən, mənə qarşı arqumentlərindən biri də guya Lənkəran təşkilatının zəif olmasıdır, halbuki Arif Hacılının məmləkəti Zaqatalanın iki dairəsindən namizəd tapılmadı verilməyə. 

Partiya dəhşətli surətdə qocalır. Son parlament seçkilərində ən yaşlı 6 namizəddən dördü müsavatçı idi. Seçkidə iştirakın effekti də sıfır. Ayrı-ayrı ictimai fəalların seçki kampaniyası Müsavatın iştirakından daha çox rezonans doğurdu. İsa Qəmbər bir görüş keçirdi, təxminən 30 nəfərlə, yarısından çoxu özü ilə gedənlər idi. 

Gənclər təşkilatı yoxdur. Bu, həm də İsa Qəmbərin və Arif Hacılının Tural Abbaslı ilə bağlı korafəhm siyasətinin nəticəsidir. Müsavat kimi partiyanın gənclər təşkilatı dönmüşdü radikal dindarlar təşkilatına. Tural Abbaslının xoşuna gəlməyən, ona biyət etməyən gənc dışlanırdı, rəhbərlik də bunu adi hal kimi müşahidə edirdi. Nəticə göz qabağındadır. 

Qadınlar təşkilatı yox kimidir. Son qurultayda Məclis üzvlüyünə qadınlar üçün ayrılan kvotada rəqabət demək olar ki, yox idi. Səhv etmirəmsə, 15 yerin müqabilində 18 namizəd vardı. 

Partiyanın tədbirləri zamanı çəkilən şəkillərdə qarasaçlı bir adam görəndə sevinirsən. Məsələn, 2 gün əvvəl Atatürkün heykəli qarşısında çəkilən şəkildə  bir qarasaçlı adam yoxdur. Yazdıqlarım ömrünü Müsavata həsr edən yaşlı insanları aşağılamaq üçün deyil, əstəğfrullah. Amma belə vəziyyət partiyanın gələcəyinin olmaması deməkdir. 

Partiya zəifləyir yazacaqdım, amma zəifləmir, çöküb. Rayon təşkilatları bir-bir sıradan çıxır. Hətta Bakı rayon təşkilatları acınacaqlı gündədir. Bir-iki ay bundan qabaq Nizami təşkilatının ümumi yığıncağında 18 nəfər iştirak edirdi. Dünən Sabunçu təşkilatının şura iclası olub, 7 nəfərlə. Belə tədbirlərdən paylaşılan şəkilləri görəndə fikirləşirsən ki,  bunu hansı məntiqlə paylaşırlar. Axı paylaşım partiyanın təbliğinə xidmət etməlidir, rüsvayçılığına yox. 

Ucdantutma mühacirətlə bağlı yayılan söz-söhbətlər yadınızdadır. Partiyanın nüfuzuna dəyən zərəri azaltmaq üçün müxtəlif təkliflər etdik, qəbul etmədilər, qəbul etdiklərinə də əməl etmədilər. 

Prinsipiallıq da dibə enib. Bir vaxtlar Lənkəran televiziyasında hakimiyyətə yaltaqlıq edən bir tanışla, iş yoldaşımla üz-üzə gələndə daha salam vermirdim, üzümü çevirirdim. Ağlıma gəlməzdi ki, bir gün Müsavatda kimlərsə hakimiyyətə mədhiyyə oxuyacaq və rəhbərlik onu nəinki partiyada saxlayacaq, hətta mənim kimi etirazçılardan müdafiə edəcək. Amma illərlə Rauf Arifoğlu mədhiyyə oxudu, partiyadan çıxarılmadı, İsa Qəmbər diş-dırnağı ilə müdafiə etdi, "Yeni Müsavata hücum Müsavat Partiyasına hücumdur” kimi absurda yuvarlandı.  Rauf Arifoğlu axırda özü getdi. İndi başqaları mədhiyyə oxuyur. 

Rəhbərliyin üzvlərə yanaşma etalonu necədir? Məsələn, feysbukda biri Arif Hacılının hansısa addımlarını tənqid edir. Sən biri ilə razılaşırsan, ikisi ilə yox, deyirsən ki, filan-filan şərtlər vardı, ona görə bunu dedi, bunu etdi. Nəticədə  tənqidçidə də, yazışmanı oxuyan 10-15 nəfərdə də Müsavata rəğbət yaranır ki, nə yaxşı, tənqidi qəbul edir, ya təmkinlə etiraz edir. Bir də elələri var ki, cavab verəcəklər ki, sən kimsən, Azərbaycanın ən dahi siyasətçisi Arif Hacılıya dil uzadırsan, it hürər, karvan keçər, zad. O tənqidçinin də, yazışmanı oxuyan 10-15 nəfərin də Müsavatdan zəhləsi gedəcək ki, bu nə səviyyədir. Amma Arif Hacılıya sənin yox, ikincinin yazdığı ləzzət edəcək. Çünki əsas Müsavat deyil, özünün dahi siyasətçi olmasıdır. Müsavatın imicinə ziyan vurub Arif Hacılını göylərə qaldıran üzv daha yaxşı üzvdür.

Bütün bunların müqabilində də Arif Hacılı müsahibə verir ki, çox yaxın zamanlarda hakimiyyətə gəlirik. Nə ilə gəlirsiniz? Bu yaxınlarda İlham Əliyev Müsavat üzvü Novella Cəfəroğluya orden verdi, cəmiyyətdə heç bir rezonans doğurmadı. Halbuki daha əvvəl bomba kimi partlayardı. İndi partlamır, çünkü o qosqoca partiyanı tam maraqsız etmisiniz, kimsənin umacağı yoxdur.

Məni danışdıran da hansısa inciklik yox, bütün bunlardır. Susacağımı düşünürsüznüzsə, yanılırsınız. Doğru saydığım sözü deyəcəyəm, yanlış hesab etdiyimə döşəyəcəm, faydası olmasa belə. Bəlkə o dünyada Rəsulzadəni görmək qismət oldu, alnıaçıq olmaq üçün. 

"Sənin yadigarını qurtarmaq üçün əlimdən gələni etdim” deyə bilmək üçün.

Tanrı Müsavatı qorusun. Xüsusən də indiki rəhbərlikdən qorusun.