Qapalı çevrə: budur depressiyamızın səbəbi

Qapalı çevrə: budur depressiyamızın səbəbi

07-09-2020 13:29 / Bu xəbər 1844 dəfə oxundu

Xalid Bağırov

Hər dəfə Rusiya və Azərbaycan münasibətlərində problemlər yarananda rusların hərbi gəmilərlə Bakı buxtasına dirənməsi adi hadisə sayıla bilərdi, əgər 300 il qabaq tarixdə rusların Petrlə ilk dəfə Bakıya bu şəkildə gəlmələri faktı olmasaydı. 

Polşa prezidenti Kaçinskinin təyyarəsinin Smolensk üzərində qəzası təsadüfü sayıla bilərdi, əgər Rusiyanın bu ərazi ilə bağlı Polşaya vermək istədiyi tarixi mesajı bilməsəydik. 

Rusiya kimi avtoritar rejimin Azərbaycanla simvolistik ritorikasını İlham Əliyevin avtoritar rejimi eyni ilə Azərbaycan xalqına tətbiq edir.  Bunu yadda saxlayın və buna qayıdacağıq.

Burada, məncə, "mən niyə ReAl-da yoxam?” sualına cavab verməyin vaxtı çatıb. Bir çoxları, bəlkə də, mənim ReAl-da olmamağımı Azər Qasımlının ReAl-dan ayrılması ilə əlaqələndirə bilərlər. Amma bu hadisənin rolu olsa da, əsas səbəb bu deyildi. 

ReAl həmişə polifonik bir təşkilat olub, daxildəki insanların bir birinə qarşı ideoloji və şəxsi münasibətləri  fərqli idi. Əsasən də bu  ReAl-ın partiyalaşma, hakimiyyətə münasibət və ReAl-ın necə hakimiyyətə gəlməsi məsələlərində özünü büruzə verirdi. Hətta öz aramızda bu mövzularda dialoq və mübahisələrimizi açıq, sosial şəbəkələr üzərində çox rahatlıqla apara bilirdik. Lakin bununla yanaşı, ReAl-da polifonik sabitlik var idi. Bu ətrafdakıların "ReAl parçalanır” kimi yanaşmalarını açıq şəkildə suya salırdı. Hətta bu daxili polifoniklik ReAlda çox uğurlu mütənasiblik yaratmışdı və bu da ReAl-ı cəlbedici edirdi.  Həm hakimiyyətlə normal dildə siyasi rəftar, həm də hakimiyyətin altına əyilməyə imkan verməyəcək qədər güclü müqavimət var idi. 

Məsələn, partiyalaşma mövzusunda əsas iki xətt var idi, bunu istəyənlər və bunu istəməyənlər. İstəməyənlərin ilk dövrlər  əsas arqumenti partiyalaşmaq ReAl-ın ətrafı daraldacaq idisə, qurultay yaxınlaşdıqca partiyalaşmaqla və qurultay keçirməklə hakimiyyətin qəzəbinə tuş gələcəyimizi ifadə etmək oldu. 

Bu gün Arif Hacılının ReAl haqqında açıqlamasını oxuduqca gülməmək mümkün deyil. Vaxt ilə qurultay keçirmək üçün hakimiyyət ReAl-a yer ayırmayanda qərargahında zalı olan iki Partiyaya müraciət etdik. Əvvəl razılıq versələr də, sonra, üstlərinə edilən basqılardan sonra, hər iki partiya yalvarırdı ki, (hər iki danışıqda şəxsən işitirak etdiyim üçün bunu əminliklə yazıram) onların qərargahında qurultay keçirməkdən vaz keçək. 

Yeri gəlmişkən, bu, REAl daxilindəki qurultay əleyhinə olan qüvvələri razı salmışdı. Onlar tez tələsik qurultay keçirməməyimizi elan etməyimizi istəyirdilər. Həyatın ironiyası, yəqin, bu olmalıdır, indi vaxtı ilə yaradılmasını əleyhinə olduqları partiyada qalanları, vaxt ilə qurultay keçirmək üçün ReAl-a yer ayırmaq cəsarəti olmayanlar hakimiyyətə işləməkdə ittiham edir.  

Hakimiyyətə münasibətdə hakimiyyətə qarşı sərt münasibət tərəfdarları olduğu kimi, hakimiyyətlə münasibətləri qorumaq inkişaf etmək tərəfdarları var idi. Hətta mənim bir dəfə verdiyim suala ki bəs ReAl necə hakimiyyət olmaq istəyir, o qupun təmsilçilərindən belə cavab almışdım: "Onsuz ölkə böhrana gedir, İlham Əliyev özü bizi çağıracaq ki, gəlin ölkəni xilas edin”. 

Çox sadəlöhv bir yanaşmadır, amma adamlar buna inanırdılar.  

Yeri gəlmişkən, ReAlı indi ən sərt və aşağılayıcı dildə tənqid və ya təhqir edən keçmiş ReAlın önəmli fiqurlarından biri də o vaxt bu kəsimi müdafiə edirdi. Nə baş verdi və nə dəyişdi. Çox sadəcə ReAl sədri İlqar Məmmədov həbsdən çıxmaqla partiyada olan bu mütənasibliyi pozdu. Həbsdə olan İlqar Məmmədov qüvvələr arası balansı qoruduğu halda, həbsdən çonra açıq şəkildə tərəflərdən birinin xeyrinə mövqe nümayiş etdirməyə başladı ki, bu da təyyarənin bir qanadının qopması ilə nəticələndi. 

İndi sizin cəbhəçi ritorikosı ilə "satılmaq” adlandırdığınız fenomen baş verdi. Yəni bir qanadla yalnız bir tərəfə əyilmiş görünən partiya təəsuratı yarandı. Burda məsələ bu adamların nə düşündüklərində, hansı məqsədlə bu yolda olduqlarında deyil. Çünki həll edici faktor onlar deyillər, onlardan kənarda olan faktorlar hər şeyi həll edəcək. 

Bir yandan Azərbaycanda çox güclü antiəliyevçi kəsim var, hansı ki yerli yersiz tənqid basqılarla ReAl-ı birbaşa hakimiyyətin qucağına sürükləyəcək, digər yanda isə həll edici faktor İlham Əliyevin özüdür, qucağını açıb gözləyir. Rus filosofu Solovyevun (bəlkə də, Berdyayevin, indi unutmuşam) 19 əsr Rusiyası haqqında dediyi məşhur bir fikir var: "Hakimiyyətlə cəmiyyət arasında elə dərin uçurum var ki, ortada qalanlar öz meyitləri ilə bu uçurumu doldura bilərlər.

İlham Əliyevlə dialoq mümkündürmü? (bu sual dialoqu bir vasitə olaraq şübhə altına almır, daha çox dialoq subyektinin kimliyini sorğulayır) Sizcə, dialoqa getmək istəməyəni həbsə atdıran düşüncə ilə dialoq nə qədər mümkündür? Bu cür seçim müqabilində dialoq masasına oturmanın özü elə mültfilm deyilmi? 

O sizdən Eynulla Fətullayev və Rauf Arifoğlu düzəltməyincə əl çəkməyəcək. Onun üçün münasibətdə bu simvolizm çox vacibdir. Onun Rauf Arif oğluna və Azər Həsrətin boynuna medal asmasını və bunu bütün ölkəyə nümayiş etdirməsini xatırlayın. Gəl ki, bu yetimin hər ikisi ümidlənsə də, onları parlamentin kəndarına belə buraxmadılar.  

Dəyişən heç nə yoxdur. Adam Ramiz Mehdiyevə, xalq üçün nə zibil olsa da, bütün 30 illik fəaliyyəti Əliyevlərin mütləqiyyətini möhkəmləndirməkdən ibarət olan şəxsə bir tostu bağışlamadı. Eyni ilə vaxtı ilə Heydər Babayevə ad günündə dediyi "mən bütün uğurlarıma görə arvadıma borcluyam” ifadəsini bağışlamadığı kimi. 

Elə uzağa getməyib ReAl-dan nümunə gətirək. Erkin Qədirlinin seçilməsinə şəxsən mənim şübhəm yoxdur. 16 saylı dairədə hər məntqədə 40-50 səsin alınması bu günki, reallıqda həmin dairədən deputat seçilməsi üçün yetərli idi. İnanıram ki, Erkin Qədirli üçün bu rəqiblərlə bu səsi almaq belə problem deyildi. Amma yox, seçki saxtalaşdırılmalı idi. Çünki Erkin Qədirli birdən hesab edərdi ki, o özü deputat filan seçilib. Vaxtı ilə Heydər Əliyevin Natiq Cəfərlinin əziz şairi Zəlimxan Yaquba dediyi sözlər hələ də aktualdır: "Şair, birdən elə bilərsən ki, sən özün deputat-filan seçilmisən”. Yəni bu ölkədə bir nəfər seçir. 

Elə bu qeydiyyat məsələsinə də Əliyev simvolik məna qatdı. Vaxtı ilə eyni işdə məhkum olunaraq biri 7 il, digəri 5 il alan iki nəfərdən birinin partiyasına qeydiyyat bəxş etdi, təxminən eyni vaxtda digərini yenidən 4 il 3 aylığına həbsə göndərdi. Bu cür subliminal mesajlar verən və dialoq anlayışı olan şəxslə dialoq necə mümkün ola bilər. Bəlkə də, siz bu dialoqun politoloji izahını axtarırsınız, amma bir az da psixoloji izahını axtarın, onda bəlkə nəsə anlayarsınız. Və bir də bu necə dialoqdur ki, bu dialoqun nəticəsində fərdi məsələlər həll olunur, sistem məsələləri deyil. Şəxsən mən qəbul edərəm ki, hakimiyyətlə müxalifətin arasında dialoqunun müzakirəsinin predmeti heç olmasa 10 dairədə seçkilərin müdaxiləsiz keçirilməsi olsun, yoxsa kiminsə parlamentə buraxılması deyil. 

Bir haşiyəyə çıxım, bu baş verənlər mənə çox tanış gəlir. Mən bunu bir dəfə 2005-ci ildə Fazil Qəzənfəroğlu ilə yaşamışdım. Bəlkə də indikilər bilməzlər, vaxtı ilə bu partiya haqqında maraqlansalar yaxşıdır. Fazil Qəzənfər oğlunun indi harada olduğu hər kəsə bəllidir. Son iki ayda son parlament seçkilərinin 40% dairəsinin sənədlərini incələməli olmuşam. Az qala hər məntəqədə Fazil Qəzənfəroğlunun  partiyasını təmsil edən ya komissiya üzvləri və ya müşahidəçilər (partiyanın yalnız bir namizədi var idi) seçkilərin demokratik keçməsi ilə bağlı aktlar və bəyanatlar veriblər. 

Hakimiyyət seçkilərin pozuntusu ilə bağlı bütün iddialara məhz bu bəyanatları göstərərək  "müxtəlif maraqları təmsil edən şəxslərin” mövqeyinə istinad edib, seçkilərin ədalətli olduğunu bəyan edir.  Şəxsən mənim dairəmdə də Böyük Quruluş adamlar adından var idi, adamları şəxsən tanıdığım üçün deyirəm, onlar nə bu partiyanı, nə Fazil Qəzənfəroğlunun tanıyırlar. Hamını yerli İcra hakimiyyəti formal olaraq təyin edib. 

Sual yaranır: Böyük Quruluş Partiyasının möhuru İcra başçısının tərtib etdiyi siyahıda necə vurulur? Bunu vaxtı ilə dialoqa getmiş hakimiyyət və Fazil Qəzənfəroğlundan yaxşı heç kim bilmir. Bizə yalnız ehtimal etmək qalır. 

Ən dəhşətlisi odur ki, Fazil Qəzənfəroğlu sadəcə öz taleyinə həll etmədi (bu olsa cəhənnəm deyib keçərsən), sonra sistemin cəmiyyətə vurduğu ziyanda rol almağa başladı. Hakimiyyət səndən bunun üçün yararlana bilməyirsə, sən onun nəyinə lazımsan. Sənin bunu arzulayıb, arzulamadığın vacib deyil, əsas hakimiyyətin nə istəyidir. Bax buna görə Erkin Qədirlinin dairəsində nəticələri ehtiyac olmadığı halda saxtalaşdırır, məhz sənin partiyanın qeydiyyatını Tofiq Yaqublunun həbsi ilə eyni vaxta salır. Yəni səni sistemin elementinə, özünün alətinə çevirir. Sən onda sistem problemidir, sistemi dəyişməliyik deyə bilmirsən, çünki artıq sən özün də sistem olursan. 

Bu səbəbdən seçkilər vaxtı, ReAl-ın hakimiyyətə "yoxsa seçkilərdən çəkilərəm” kimi mesajına, seçkilərdən sonra, biz parlamenti Avropa Şurası qarşısında legitimləşdirdik kimi bəyanatlarına etiraz etdim (Mən ümumiyyətlə seçkilərdə iştirakın, paralmentin legitimləşdirilməsində rolu olmadığına inanıram). 

Bu nə demək olur: "ReAl özünü istifadə üçün təklif edirmi" anlamına gəlir. Hakimiyyəti seçkilərdən çəkilməklə hədələmək və ya biz iştirak etdik deyə AŞPA saxta seçilmiş Azərbaycan Parlamentinin nümayəndə heyətini təsdiq etdi fikirlərinin mən istifadəyə yararlıyam mesajından başqa hansı mənası var? Bu daha qorxuludur, çünki bu bilməyərəkdən yox, bilərəkdən bu yolun gedildiyinin etirafına oxşayır.  

Mən anlayıram, İlqar Məmmədov bu xalqın dilini bilmir, bəzən onu anlamır, hətta irəli gedim, onun üçün xalq Azərbaycan siyasətinin substantiv mənbəyi olaraq mövcud deyil. Olsa da, hardasa üçüncü yerdədir, beynəlxalq qüvvələr və Azərbaycan hakimiyyətindən sonra. Bunun səbəblərini də özümə görə anlayıram, İlqar Məmmədov düşünür ki, onun həbsi zamanı xalqdan yetərincə təpki gəlməyib. Təkrar edirəm, bu mənim gümanımdır. Amma bu yanaşma sizə heçmi tanış gəlmir? Bu fikir nəticəsində indi ki, Mirşahin yarandı, o da "vaxt ilə hakimiyyət ANS-i bağlayanda xalq harda idi” deməklə yola çıxdı.  

ReAl haqqında belə ehtimal etməyi heç istəmirəm. Çünki ReAllar həmişə yaranmır. ReAl Azərbaycanın klassik siyasət politrasında üçüncü qüvvəyə sosial sifariş olanda meydana gəldi və oturuşdu. ReAl-da olan hər kəsin İlqar Məmmədovun isə ən çox bu oturuşmada rolu vardı. Vaxtı ilə sistemdənkənar müxalifət olmağa iddialı idi. Hakimiyyəti qəzəbləndirəndə bu idi, sistemdənkənar bir oyunçu böyüyürdü, hakimiyyət üçün ən dəhşətlisi məhz ölkədə bir təsisatın onun nəzarətindən kənar böyüməsi idi. ReAl-ın partiyalaşmasına ciddi təpkilər nümayiş etdirən hakimiyyətin artıq onu qeydə alması bu onun göstəricisidir ki, hakimiyyət ReAl-ı sistem oyunçusuna çevirə bildiyini qəbul edib.

Keçmiş dostlarıma Belorusdakı, ReAl-ın ekzototipi olan bir təşkilatı xatırladım. "Говори правду” ("Düz danış”) hərəkatı da, sistemdən kənar oyunçu kimi meydana gəlmişdi. Hətta ritorikaları da ReAl-ın ritorikası birə bir üst üstə düşürdü. Belarusun klassik müxalifəti fonunda çox pozitiv və populyar qüvvə təsiri bağışlayırdı. Lakin son iki seçki göstərdi ki, bu hərəkat digər əsas müxalif qüvvələri ilə yanaşı bir mətbəx xanımının kölgəsində qalıb, artıq sistem müxalifətinin bir parçasına çevrilib. Anlayıram, postsovet avtoritarizmlərində sistemdənkənar qüvvələr üçün seçim çox ağırdır: "Говори правду” və ya Navalnı yolu. Hər bir halda bu seçimdir. 

Seçim isə həmişə dəyişilik gətirir. Natiq Cəfərli nə qədər desə də ki, "Erkin Qədirli dəyişməyib, əvvəlkidir”, elə deyil, Erkin də, ReAl da dəyişir. Mənim vaxtı ilə rəhbərliyində olduğum partiyanın sədri: "Nə sağa, nə sola, hədəf bir olmalıdır: İlham Əliyev”, - deyirdi. İndi hədəf nədir bilmirəm...

Vaxtı ilə Kantın "azad iradəsinə” inanan adam, bu gün "mən liberal olmamışam” deməsi mən heç vaxt Erkin Qədirli olmamışam deməyi kimi bir şeydir. Vaxtı ilə "utandığım üçün siyasətə gəldim”, "bu zaman kəsimində təmiz adımızı qorumalıyıq” deyən və birdən məni parlamentə təyin edərlər deyə namizədliyini geri götürən dostum, indi heç narahat olmadan bu şəkildə buraxıldığı parlamentə gedir (Burda bir faktı da dəqiqləşdirim, ağzı-göyçəklər sual verəcəklər, "sən də namizəd olmuşdun, seçilsəydin getməyəcəkdin?” İndidən cavabınızı verim: mən namizədliyimi YAP-ın namizəd siyahısı elan ediləndən və mənim dairəmdən 4-cü dəfə Ziyayət Əsəgərovun namizəd olduğunu biləndən sonra verdim. Bilərək ki, heç vaxt bu hakimiyyət onun protokolunda 5 və ya 6-cı yerdə olan bu adamı bir Xalid Bağırova yem etməz, düşünüb verdim. Sadəcə, sistemə müqavimət göstərmək, insanları bu seçkidə tək qoymamaq üçün verdim. Hər şey etdim ki, məhz mənim dairəmdə seçki oyununu sistemə haram edim. Necə deyərlər, niyyətin hara, mənzilin də ora). 

Vaxtı ilə "çilik-dövlət” deyən dostum, indi bir çox pis fikirlərini "dövlətçilik” adı altında gizlədir.

Mən 28 May 2018-ci il aksiyasını təşkil edib qabağında gedən partiyada olmuşam, 16 fevral 2020-ci il qeyri-səmimiliyini edən partiyada yox.  

Bunlar dəyişilik deyilmi? Mənim vaxtı ilə olduğum partiya ilə bu partiyanın çox təəssüf ki, getdikcə çox az əlaqəsi qalır. 

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.