“Qosplan”, defisit, inflyasiya... – sanksiyalar altında olan Rusiya iqtisadiyyatını nə gözləyir?

“Qosplan”, defisit, inflyasiya... – sanksiyalar altında olan Rusiya iqtisadiyyatını nə gözləyir?

12-03-2022 12:59 / Bu xəbər 1206 dəfə oxundu

Valeri Kizilov
İqtisadçı

Müharibə günlərində Rusiya iqtisadiyyatı sürətlə aşağı düşən liftə bənzəyir. Ölkə rəhbərliyi tələm-tələsik iqtisadi sistemi komanda-inzibati relslərə keçirir, milliləşdirmə imkanları barədə ciddi şəkildə düşünür, vətəndaşlar isə bazarın bütün adi alətlərinin (qaydalarının) yoxa çıxdığını görür. Dünya blokadası dərhal öz nəticəsini verir. Valyutalar, xidmətlər və mallar, hətta onların adları belə yoxa çıxır.

Ukrayna torpağına ilk rus bombalarının düşdüyü günün ertəsi yazmışdım ki, buna görə Rusiya ən yaxşı halda 10-15, ən pis halda isə 30-40 illik inkişafını itirəcək. İndi - "sülh uğrunda mübarizənin” 14-cü günündə ən pis ssenarinin gerçəkləşdiyi aydındır. Biz nəinki ən ağır iqtisadi böhranın, həm də bütün iqtisadi modelin dağılmasının şahidiyik. Sanki zaman otuz il geriyə sıçradı və 1991-ci il yenidən gəldi. Bəlkə də, artıq həmin o 1984-cü il uzaqda deyil.

Putinin sanksiyalara "maksimum iqtisadi azadlıq”la cavab verəcəyi vədini nəzərə alsaq, bu, təəccüblü görünə bilər. Halbuki vədlər başqa, reallıq başqadır. İqtisadi cinayətlərə, o cümlədən vergidən yayınmaya görə cinayət məsuliyyəti, həqiqətən, ləğv edilsə belə, bu, sürətlə komanda-inzibati iqtisadiyyatına doğru gedən ölkəyə kömək etməyəcək. SSRİ-də də vergi ödəmədiyinə görə, demək olar ki, heç kim həbs olunmurdu.

Rusiya müəssisələrinin səhmlərinin heç bir qiymətə satılması mümkün deyil. Fevralın 27-dən etibarən Mərkəzi Bank hər gün birjada ticarətin növbəti gün bərpa olunmayacağı barədə məlumat verir. Əslində bu o deməkdir ki, bütün iri özəl kapital "sıfırlanıb". İndi onların sahiblərinin aqibəti necə olacaq? 

Bundan sonra onlar sadəcə öz müəssisələrində baş administrator vəzifəsini daşıyacaqlar. Onların rolu keçmiş Sovet direktorlarının rolundan heçnə ilə fərqlənməyəcək: mən zavodla istədiyimi edə bilərəm, amma onu nə bütöv bir obyekt kimi sata, nə də girov qoya bilərəm. Bu da öz növbəsində "müvəqqətilik” prinsipinə təkan verəcək: ehtiyatları və avadanlıqları heç olmasa müəyyən qiymətə satmaq, əldə edilmiş pulu isə şişirdilmiş maaşlar və saxta alışlarla özünə və yaxınlarına paylamaq. 

Belə tendensiyanı görən hökumət, çox güman ki, "iqtisadi fürerlərin" hərəkətləri üzərində ciddi nəzarət quracaq və onlara nə qədər istehsal edəcəyini, əsas işçi qruplarına və tədarükçülərə nə qədər maaş verəcəyini, nə qədər alacağını diktə etməyə başlayacaq.
 
Formal olaraq belə bir müəssisə özəl olaraq qalacaq, əslində isə dövlət sektorunun bir hissəsinə çevriləcək. Bundan qaçmağın yalnız iki yolu var: ya şirkəti tamamilə bağlamaq, ya da hansısa yolla onun rentabelliyini bərpa etmək və eyni zamanda, sahiblərin qazanc əldə edəcəyinə ümidləndirmək. Amma mənfəət ümidi olsaydı, səhmlər ucuzlaşmaz, birjalar bağlanmazdı.

Banklar da "normal” adlandırmaq mümkün olmayan rejimdə işləyir. Onlar sadəcə xarici aləmdən təcrid olunublar. Siz adi bank kartı ilə xaricdə alış-veriş üçün ödəniş edə bilməzsiniz, hətta bu əyləncə və ya təhsil rəqəmsal məhsulu olsa belə. Xarici hesabınıza pul köçürə bilməzsiniz. Hətta Rusiya banklarının maliyyə hesabatlarını dərc etmək qadağandır - əks halda əmanətçilərin onlardan nə qədər geri əmanət götürdüyü və onların maliyyə vəziyyətinin nə qədər ağır olduğu açıq görünəcək.

Xarici valyuta hesabınızdan dolları yalnız bir neçə həftə əvvəldən xüsusi sifarişlə və yalnız 10 min dollar məbləğində çıxara bilərsiniz və bank müştərilərinin bildirdiyinə görə, bu şərt hər an pozula bilər. 

Vətəndaşlara bazar məzənnəsi ilə nağd pul satmaq - bankların otuz ildir davamlı olaraq etdiyi bir əməliyyatdır, indi belə əməliyyatlar da onlara qadağandır (lakin martın 9-da Moskvada hələ də "əməliyyat kassalarında”, yəni bank filiallarından kənar valyutadəyişmə məntəqələrində dolları 134-140 rubla almaq mümkün idi).

Gəlirlərinin otuz faiz azaldığını sübut edə biləcək bankların borcluları, oktyabr ayına kimi borclarını ödəməmək hüququna malikdirlər.

Yaxşı, oxucu deyəcək: bəs mən kreditor və borclu, emitent, səhmdar, əmanətçi, xarici onlayn mağazaların müştərisi deyiləmsə və valyuta ilə maraqlanmıramsa, təqaüdçü olaraq sadəcə camaşir yuyucu toz üçün alış-verişə getsəm, nə olacaq? 

Burada da problemlər var: "Tide", "Ariel", "Mif", "Dreft", "Tix" brendləri ilə "Procter & Gamble2 Rusiyada yuyucu tozların satışından bütün gəlirin 44 faizini əldə edir. İndi o, Rusiyada bütün investisiyaların, reklam kampaniyalarını dayandırdığını və çeşidini "əsas sağlamlıq, gigiyena və şəxsi qulluq vasitələri" ilə daraltdığını açıqladı. 

Yuyucu tozun ikinci ən böyük tədarükçüsü olan "Henkel", "Persil", "Laska", "Losk", "Deni", "Pemos" markalarını istehsal edir və bazarın 26 faizinə sahibdir, lakin o da investisiyaları dayandırır. Bu o deməkdir ki, bu mallar yox olacaq və ən yaxşı halda qismən daha bahalı və keyfiyyətsiz mallarla əvəz olunacaq.

Yuyucu tozlarda olduğu kimi, digər kimyəvi məişət məhsullarında, demək olar ki, bütün digər mallarda da belə proseslər yaşanacaq. Artıq 340-dan çox şirkət və brendin Rusiyanı tərk etdiyi və ya getməyi planlaşdırdığı təxmin edilir. 

Neft və qaz, energetika, ağır sənaye, maliyyə, tikinti, avtomobillər, təyyarələr, velosipedlər, elektron və məişət texnikası, mebel və məişət məmulatları, proqram təminatı, internet xidmətləri, video oyunlar, geyim, zərgərlik, saatlar, kosmetika, spirtli və alkoqolsuz içkilər, audit və konsaltinq - bütün ticarət və xidmət sahələrinin liderləri Rusiya bazarı ilə vidalaşır. 

Rusiyada istehsal olunan və "Rus" brendi kimi təqdim edilən məhsullar yoxa çıxır: "Dobrıy", "Lyubiy", "Ya", "Fruktovıy sad", "Moya semya" şirələri, onlarla birlikdə "Domik v derevne" və "Veselıy moloçnik" südləri", hətta Əfqanıstan müharibəsi zamanı Sovet İttifaqında içkilərini satan "PepsiCo" (Ruskiy dar kvası) belə gedir, Coca-Cola gedir, McDonald's restoranları bağlanır...

Hələ də Rusiyaya nəsə tədarük etmək istəyən biznes çətin ki, bunu edə bilsin, çünki ən böyük konteyner daşıyıcıları - "Maersk", MSC, "Shipco", "Hapag-Lloyd", CMA CGM Rusiya limanlarına çatdırılma sifarişlərinin qəbulunu dayandırıblar. Rusiyanın Çinlə quru sərhədi olsa da, demək olar ki, bütün Çin malları bizə konteynerlərlə dəniz yolu ilə gəlir. Təchizat zəncirlərinin geniş şəkildə pozulması qaçılmazdır.

Və birdən-birə Trans-Sibir Dəmiryolunun və Rusiyanı Çinlə birləşdirən digər dəmir yolu marşrutlarının ötürücülük qabiliyyətini birtəhər artırıla bilsə belə, rus istehlakçılarının ödəniş qabiliyyətinin necə olacağı o qədər də aydın deyil.

Rusiya Mərkəzi Bankının xarici aktivləri dondurulub, yeddi Rusiya bankı SWIFT-dən ayrılıb, ABŞ və Böyük Britaniya Rusiyadan yanacağa embarqo qoyub, Avropa Birliyi liderləri ilin sonuna qədər Rusiyadan qaz tədarükünü üçdə ikiyə qədər azaltmağı planlaşdırır. 

Yeri gəlmişkən, Mərkəzi Bank beynəlxalq ehtiyatlarının həcmini yaxın üç ayda yalnız fevralın 18-nə göstərmək qərarına gəlib. Ola bilsin ki, tezliklə bu yanaşma digər iqtisadi məlumatların dərcində də üstünlük təşkil edəcək.

İdxalı yerli istehsalla əvəz etmək ümidi illüziyadan başqa bir şey deyil. Ölkədə xarici texnologiyalardan, kapitaldan, avadanlıqdan, mütəxəssislərdən və ya istehlak materiallarından ciddi şəkildə asılı olmayan istehsalçı yoxdur və olmayacaq. Xaricdən gətirilən dəzgahlar, mikrosxemlər və ehtiyat hissələrin çatışmazlığı səbəbindən bir çox müəssisə sadəcə dayanacaq.

Xatırlamaq yerinə düşər ki, hətta Stalinin sənayeləşməsi Qərb sənayeçiləri və mühəndislərinin böyük töhfəsi sayəsində olub. Sovet hərbi-sənaye "qüdrətini” nostalji ilə yada salanlar çox vaxt bu həqiqəti lazımınca qiymətləndirmirlər. 

Yaxın bir ayda Rusiyanı kəskin tədarük böhranı, hasilatın azalması və qiymət artımı gözləyir. Qiymətlərə gəlincə, Rosstat elə ilk həftədə maraqlı bir şey duydu: istehlak qiymətləri fevralın 26-dan martın 4-dək orta hesabla 2,2% artdı, avtomobillər, tozsoranlar və televizorlar isə birdən-birə 15-17% artdı. 

Burada qeyri-mütənasiblik çox gözləniləndir: böhran prosesləri xaotik, qeyri-bərabər və mürəkkəb olacaq, müxtəlif sektorlara, regionlara, müəssisələrə və sosial qruplara müxtəlif miqyasda zərbə vuracaq. Bu qarışıqlıqda kimsə hətta qazanacaq, hətta lap çox qazanacaq, ancaq bu "xoşbəxtin” kim olacağını əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil.

İstənilən halda, kapitalın yenidən "böyük bölüşdürülməsi” prosesi baş verəcək və bu proses gözlənilməz şəkildə cərəyan edəcək, həm sadə insanların, həm də dünənki "pul kisələrinin” ziyanına olacaq. Açığı, kimin nə alacağına və nə qədər qazanacağına qərar verməyə öyrəşmiş Putin hakimiyyəti üçün nəzarət etmədikləri bu proses kabusa çevriləcək. 

Çox güman ki, onlar hökumətin müxtəlif müdaxilələri vasitəsilə "nəzarəti bərpa etməyə” çalışacaqlar. Belə müdaxilələr nisbətən az olsa, xaosu daha da gücləndirəcək, kifayət edərsə, iqtisadiyyatın demək olar ki, tam dövlətləşməsinə səbəb olacaq.

Bu gün artıq müzakirə olunan belə tədbirlərdən biri də milliləşdirmədir. Rusiya fabriklərinin əcnəbi sahibləri istehsalı azaltmaq qərarına gəldiyindən, bu fabrikləri onların əlindən alaraq dövlətə və ya "sadiq” yerli iş adamlarına vermək fikri yaranır. Başqa bir məşhur fikir, mənfəət və zərərin birbaşa inzibati tənzimlənməsidir ki, heç kim zərər görməsin və ya dövlət planlarına zidd olaraq artıq qazanc əldə etməsin. 

Üçüncü ideya isə, yuxarıdan gələn əmrlərlə nadir və qiymətli resursları "prioritet ehtiyaclara” yönəltməkdir. Nəyin nadir, nəyin prioritet olacağını hələ bilmirik, amma hakimiyyətdaxili qüvvəllər onu idarə etmək üçün əllərindən gələni edəcəklər. 

Bütün bunları həyata keçirdikdən sonra biz tam güclə Dövlət planlaşdırılmasına keçid alırıq. Üstəlik, onun yaradılması zamanı çox güman ki, hakimiyyətin müdaxiləsi olmadan, hətta təcrid və xarici blokadaya uğurla uyğunlaşa biləcək bazar iqtisadiyyatının seqmentləri də məhv ediləcək. Əgər dağıtmırsansa, bazar hər çətinliyə uyğunlaşa bilən bir sistemdir. Amma Kremlin məntiqi bazarla bir araya sığmır və "maksimum iqtisadi azadlıq” vədi altında ölkədə yenidən böyük antikapitalist inqilabı yaşanır.

P.S. Martın 9-da vətəndaşlara qızıl külçələri, o cümlədən 1 qramlıq qızıl külçələrini ƏDV ödəmədən almağa icazə verən qanun imzalandıqdan sonra "real iqtisadi azadlıq” və planlı iqtisadiyyatdan uzaqlaşmaya doğru addım atıldı. Ola bilsin ki, bu, insanlara rublun ucuzlaşması və maliyyə institutlarının çökməsi ilə nəsə qənaət etməyə imkan verəcək. Bu tədbir sadəcə söz olaraq qalacaq, yoxsa tezliklə valyutadəyişmə məntəqələrinin lövhələrində "$” əvəzinə "Au” emblemini görəcəyik?!
 
Yazı "Theins.ru" saytından götürülüb.
Tərcümə: Nizami Bağırov