Rəsulzadənin portreti altında əhrarçılıq

Rəsulzadənin portreti altında əhrarçılıq

01-06-2022 15:23 / Bu xəbər 1329 dəfə oxundu

Xaqani Cəfərli
Politoloq

Məhəmməd Əmin Rəsulzadəni, Musavat Partiyasını Türkiyəyə arxa çevirməkdə suçlayan əhrarçıların fikir daşıyıcıları da məni Türkiyəyə qarşı çıxmaqda ittiham edirlər. 

Azərbaycan xalqının üç minillik tarixindəki beş ən böyük dahidən biri və sonuncusu olan Məhəmməd Əmin Rəsulzadə Azərbaycanın müstəqilliyini yalnız Rusiyaya qarşı deyil, Osmanlıya qarşı da qoruyub. Buna görə də onu, rəhbərlik etdiyi Musavat Partiyasını Türkiyəyə arxa çevirməkdə ittiham ediblər. 

1918-ci ildə Azərbaycanın böyük bir hissəsinin Qafqaz İslam Ordusu tərəfindən azad edilməsinə baxmayaraq Məhəmməd Əmin Rəsulzadə Azərbaycanın Osmanlı dövlətinə birləşdirilməsinə qarşı çıxmaqla bu günkü mövcudluğumuzu təmin etdi. 

Əgər 1918-ci ildə Azərbaycan Osmanlı dövlətinin tərkibinə keçsəydi, Osmanlının çöküşündən sonra ilk bölünən ərazi heç şübhəsiz Azərbaycan olacaqdı. 

Əgər bu gün Putin Azərbaycanı da Ukrayna və Qazaxıstan kimi Lenin tərəfindən yaradılmış saxta dövlət adlandırıb aşağılaya bilmirsə, buna görə Məhəmməd Əmin Rəsulzadənin 1918-ci ildə Azərbaycanın müstəqilliyini güzəştə getməməsinə borcluyuq. 

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın xarici və daxili siyasətinin çox təhlükəli bir mərhələdə olduğunu düşünürəm. 

Azərbaycanın bu təhlükədən kənarda qalması üçün həqiqətləri ifadə etməkdən vaz keçməyəcəyəm. Yeni əhrarçılıların hücumları məni mövqeyimdən daşındıra bilməz. Cəmiyyəti çaşdıran isə əhrarçıların başlarının üzərində Rəsulzadənin portretinin olmasıdır.  

Ərdoğanın xarici və daxili siyasətinin nə üçün çox təhlükəli mərhələdə olduğu haqqında fikirlərimi isə yaxın zamanlarda diqqətinizə təqdim edəcəm.