Rusiya Çindən hərbi yardım istədi

Rusiya Çindən hərbi yardım istədi

14-03-2022 00:51 / Bu xəbər 1027 dəfə oxundu

Rusiya Çindən hərbi texnika və digər yardımlar istəyib.

Bu barədə "Financial Times” ABŞ rəsmi mənbələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, martın 14-də Romada ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Sallivan Çin Kommunist Partiyasının xarici siyasət məsələləri üzrə nümayəndəsi ilə görüşəcək. 

Siyasi şərhçi Şahin Cəfərli deyir ki, Sallivan Çini hərbi sahədə, eləcə də sanksiyalardan yayınmaqda Rusiyaya kömək göstərməməyə çağıracaq: "1972-ci ildə Niksonun Pekinə səfərindən sonra başlayan ABŞ-Çin yaxınlaşması SSRİ-ni geopolitik yalnızlığa məhkum etmiş və şər imperiyasının çöküşündə bu faktorun da rolu olmuşdu. Son illər isə ABŞ Çini 1 saylı strateji rəqib elan etdikdən sonra Çinə qarşı mübarizədə Rusiya ilə ittifaq yaradılması ideyası ABŞ düşüncə mərkəzlərində, mediasında və siyasi çevrələrində xeyli populyar idi. Bayden gəldikdən sonra bu yöndə praktik cəhdlər də göstərdi, Moskvaya yüksək səviyyəli emissarlar göndərdi, lakin anlaşma baş tutmadı".

Onun sözlərinə görə, indi təkrar strateji səviyyədə Vaşinqton-Pekin istiləşməsi ehtimalı yüksək olmasa da, ən azından Çinin Ukrayna və sanksiyalar məsələsində neytrallığına nail olmaq və onunla bu sahədə situativ işbirliyi mümkündür: "ABŞ Çinin ən iri ticarət tərəfdaşı olaraq qalır. İki ölkə arasında ticarət dövriyyəsinin həcmi ötən il 755 milyard dollar təşkil edib ki, bunun 576 milyardı Çinin ABŞ-a ixracıdır. Eyni dövrdə Rusiya-Çin ticarət həcmi 146 milyard dollar olub, Çinin Rusiyaya ixracı cəmi 67 milyard dollar təşkil edib".

Xatırlatma

Rusiya fevralın 24-də Ukraynaya genişmiqyaslı hücuma başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.