Rusiyanın BMT-dəki diplomatı istefa verdi: “Ölkəmə görə utanıram”

Rusiyanın BMT-dəki diplomatı istefa verdi: “Ölkəmə görə utanıram”

23-05-2022 18:13 / Bu xəbər 2192 dəfə oxundu

O, əməliyyatları Putinin başlatdığı aqressiv müharibə adlandırıb

Rusiyanın BMT-nin Cenevrədə yerləşən ofisindəki müşaviri Boris Bondarev istefa verib.

Diplomat istefasının səbəbini Rusiyanın Ukraynaya qarşı başlatdığı savaşı göstərib.

17 il Cenevrədə çalışan Boris Bondarev yaydığı müraciətdə bildirib ki, Ukraynada gedən döyüşlərə görə ölkəsindən heç vaxt bu qədər utanmayıb.

Diplomat baş verənləri Rusiya Prezidenti Vladimir Putinin başlatdığı aqressiv müharibə adlandırıb.

"Mən diplomat kimi karyeramın 20 ili ərzində Rusiyanın fərqli xarici siyasətini görmüşəm: "Ancaq indi xarici işlər naziri diplomatiya ilə məşğul deyil”.


Diplomatın müraciəti

O, BMT-də və dünyada bütün digər rus diplomatlarını ondan mənəvi nümunə götürməyə və istefaya getməyə çağırıb: "Rusiyanın artıq müttəfiqləri yoxdur. Gələcəkdə ölkə getdikcə deqradasiyaya uğrayacaq və dünyadan təcrid vəziyyətinə düşəcək”.

Rusiya Xarici İşlər Nazirliyi diplomatın müraciəti ilə bağlı hər hansı şərh yaymayıb.

Xatırlatma

Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.(meydan tv)