Şaha doğum günü təbriki - mədhiyyə deyil

Şaha doğum günü təbriki - mədhiyyə deyil

31-10-2023 16:43 / Bu xəbər 3511 dəfə oxundu

Çingiz Sultansoy

Bu gün Şahvələd Çobanoğlunun doğum günüdür. Onu 1993-cü ildən - "Azərbaycan" qəzetindən tanımışam. Mənim Əli Kərimli haqqında AzTV-dəki süjetim barədə qəzetdə yazdığı resenziyasında bir cümlə xoşuma gəlməmişdi. Yolum redaksiyaya düşmüşdü. Baş redaktor Mehman Cavadoğlundan müsahibə alıb, çəkilişi bitirdim. Sonra dedim ki, Şahvələdi çağırsın. O da sözümü yerə salmadı.

Gözəl, boylu-buxunlu, xoş auralı, özünü sanki bir qədər itirmiş bir gənc gəldi. Mənə elə utancaq təbəssümlə və səmimi hörmətlə, piyetetlə  baxırdı ki, bəlkə də, obyektivlikdən daha çox, başgicəlləndirici sürətlə tanınmağımdan, artan telereytinqin doğurduğu boş ambisiyadan doğan narazılığım sanki əriyib yox oldu. Qısaca danışıb ayrıldıq, amma o gənc yadımda qaldı... 

Sonra həyat bizi bir neçə dəfə qarşılaşdırdı: Press-Klubda, daha sonra - 2006-2007-ci illərdə "Реальный Азербайджан" və "Gündəlik Azərbaycan" qəzetlərinin redaksiyalarında. 

Artıq  tanınmış, nüfuzlu imza sahibiydi, hətta güclü qəzetmeyker sayılırdı, ona tapşırılmış "Hürriyyət" qəzetini qısa bir zamanda ölkənin ən oxunan və nüfuzlu mediası cərgəsinə çıxara bilmişdi. İndi də rəhbəri olduğu "Gündəlik Azərbaycanı" o yolla aparırdı. Eynulla Fətullayev barədə çox mənfi şey söyləmək olar, çoxusu da düz olacaq, amma bu adam təşkilatçılığı, kadr seçməyi bacarırdı -  Şahvələdi tapıb redaksiyanı ona tapşırmışdı.

Özü də Şahvələdin uğurlu jurnalist karyerası, bir belə tanınandan sonra da mənə olan sayğılı münasibəti, səmimiyyəti dəyişməmişdi. Hər bir istedadlı jurnalistin həyatında belə ulduz anları olur. Vəzifəyə görə demirəm, o, boş şeydi. Amma sürətlə, sinədəftər yazdığın, sözlərin kağıza, klaviaturaya töküldüyü, sürətlə çap olunub tanındığın, yeni üfüqlər açan, nüfuz gətirən günlər, aylar, illər, nadir hallarda olur və bunları görərək yaşayırsan... 

Şahvələdin də, elə mənim də bu sayaq ulduz vaxtlarımız idi. Şahvələd sürətlə tiraj, nüfuz yığan "Gündəlik Azərbaycan"da mənim də köşələrimi görmək istədiyini dedi. Çatdırmırdım, rusca çox yazırdım. Bizim ""Реальный Азербайджан" qəzeti ölkənin ən çox oxunan qəzeti idi: 29 000 tirajla çıxırdı, hamısı da satılırdı. Hər nömrədə 1-2 böyük yazım gedirdi, bəzən təhlükəsizlik baxımından biri təxəllüslə çıxırdı. Amma Şahvələd təkid elədi, razılaşdım. 

O vaxtlar azərbaycanca çox ləng yazırdım - barmaqlarım kiril klaviaturasına öyrəşmişdi, latın klaviaturasına heç yatmırdı. Kiril klavirində avtomatdan atəş açan, az qala danışdığım sürətlə yazan mən, latın klavirində sanki iflic olurdum. 

Azərbaycan dilində bir-iki cümləni  on dəqiqəyə kompüterin yaddaşına köçürürdüm. Ona görə "Gündəlik”  üçün köşələri rusca yazmağa başladım, adətən, iş qurtarandan sonra yazırdım. Yazdığımı Azərbaycan dilinə çevirmək, yenə də yazmaq çox vaxt aparırdı. Ona görə də Şahvələd axşamlar, - operator qızlar işini qurtarıb gedəndən sonra, - kompüter arxasına keçib köşəmi özü (!) adi operator, makinaçı kimi yığırdı, heç kimə tapşırmırdı! 

Onda o, artıq sözün həqiqi mənasında tanınmış jurnalist, 40 adamlıq redaksiyanın nüfuzlu rəhbəri, tam və əsil lideri idi. Belə bir insana, səmimiyyətinə, qürurlu, ülvi bir sadəliyinə hörmət, rəğbət, sevgi bəsləməmək, bağlanmamaq olardımı? Ürəyimi həmişəlik fəth etdi belə münasibətiylə!.. 

Hakimiyyəti ələ keçirib məmləkəti tez talamağa çalışan tiran kimi yox, əsil şah, güclü lider kimi böyük, təbii davranışlı və sadə insan! O vaxtdan ona Şah deməyə başladım... 

Özümün babat mütaliə bazam var, həmçinin bir sıra elm, incəsənət, mədəniyyət sahələrindən, dünya bədii ədəbiyyatından xəbərdaram. Amma mən riyaziyyat, o isə  jurnalist, filoloq təhsilli ola-ola bir neçə dəfə məni riyaziyyat, fəlsəfə sahəsindəki bilikləriylə heyrətləndirib. Hələ həyat, həyatın dəyərləri və fəlsəfəsi haqqında söhbətlərimizi demirəm. Gənc yaşında zəngin həyat təcrübəsi, dünyaya pozitiv baxışı, müdrikliyi, doğrudan da, heyrətləndirici idi. 

2007-də Eynulla həbs olunandan, qəzetlər bağlanandan sonra ömrümün qəribə, maraqlı bir çağı başlamışdı. Onda Novxanı çimərliyində xilaskar işləyirdim. Şah uşaqları, ailəsini yığıb bir neçə dəfə yanıma gəlmiş, məni dəfələrlə köhnə maşınıyla şəhərdən çimərliyə - işə aparmışdı. 

Necə də gözəl günləriydi!..

Axşamtərəfi soyuyan qum, zəifləyən günəşin istisi, daha da sərinləyən dəniz qoxulu külək, ləpə, uşaq və qadın səsləri, çığırtıları, gülüşləri, Abşeron çimərliyinin tipik səs simfoniyasının sədaları altında jurnalistika, insan, həyat yolu, prinsiplər, satılanlar və satılmazlıq, dönməzlik, əyilməzlik haqqında söhbətlərimiz...

Yadında, Şah, o illərdə, həbsdə ikili oyun oynamaqda davam edən, hələ sındırılmayan Eynullanın ikinci, üçüncü məhbəs ilində atası Emin Fətullayevin hamımızı  iddialarıyla, şikayətləriylə boğaza yığmağı?.. 

Eynullanın anası Gülzar xanımın telefonda saatlarla şikayətlərinə həmişə diqqətlə, sonsuz səbirlə qulaq asır, "AŞPA yenə Eynullanın adını çəkdi”, "Dunya Miyatoviç iki həftədən sonra Bakıya gələcək”, "Committee to Protect Journalists yenə Eynullayla bağlı çağırış etdi", ""Sərhədsiz Reportyorlar” yenə bəyanat verdi" kimi yarı gerçək, yarı yalan təsəllilər verirdim. Düşünürdüm ki, anadır, oğlu həbsdədir, anlamaq lazımdır... 

Amma atasıyla heç də həmişə elə səbirli olmurdum. Bir dəfə: "Siz azadlıqdasınız, Eynulla isə orada”, – yəni həbsdə demişdi. Sanki azadlıqda olmağımız bizim təqsirimiz, namərdliyimiz idi. 

Xatırladım, Eynulla tutulandan sonra "Реальный Азербайджан” həftəliyi başsız qalmışdı,  redaksiya üzvləri rəhbərliyi mənə təklif eləsələr də, razı olmurdum, çünki bu işin məsuliyyətini və ağır cəzasını bilirdim – məsələ yalnız həbsdə deyildi, əməkdaşımız, hərbi ekspert Üzeyir Cəfərov kimi başımdan armaturla vurula bilərdim.  

Yalnız Emin Fətullayev: "Qəzetin çıxması Eynullaya kömək olar”, - deyə məndən xahiş edəndən razılaşdım, amma 4 nömrə buraxa bildik...  Şah isə Eynullanın atasının şikayətlərinə, "fəaliyyətsizliyimiz"lə bağlı ittihamlarına dözürdü. Bir dəfə özü belə bir əhvalat danışanda soruşdum: "Niyə təqsirimiz olmaya-olmaya dözürsən onun tənələrinə?".  

Şah dedi: "Axı atadır, oğlu həbsdə, darda, biz isə azadlıqda". 

Bunu bilirdim, təbii, Gülzar xanımın – ananın haqqı idi, amma atanın da?..

Bir dəfə Şahvələdin maşınında gedəndə Emin Fətullayev: "Bütün dostlarım məni atıb-qaçdı, bu ağır günümdə tək qoydular. Ancaq redaksiyanın uşaqlarıdı, sizsiniz yanımda. Bu nə millətdi? Millətimiz pisdi!" deyəndə dözmədim. Çünki millətin "pisliyi"  zəif damarım, söyər yerimdi. Buna qədər milli natamamlıq kompleksi - MNK haqqında araşdırmam, məqalələrim, AzTV verilişim, çıxışlarım ortada idi... 

"Emin müəllim, bəlkə, səhv yaşamısız indiyəcən? Dostlarınızı səhv seçmisiniz?" - dedim 60 yaşlı adama... Yazıq kişi cavab vermədi, susdu... 

Emin Fətullayev sonradan, Eynulla azad olunub hakimiyyətlə yeni mərhələdə əməkdaşlığa balayandan sonra məndən dəfələrlə artıq yanında olan, tək qalmağa qoymayan, kiçik maaşlarıyla kirayədə yaşayan, amma atışıb bir konvert düzəldən, üstünə də yaxşı bir tort qoyub tez-tez evlərinə baş çəkən redaksiya gənclərinin çoxuyla münasibəti qaba, təhqiramiz şəkildə kəsdi, onları oğlunun toyuna buraxmadı. 

Məni çağırmışdı, təbii, getmişdim, əslində, getmək istəmirdim, çünki həmin gün dayım nəvəsi Seyidin, istəkli dayım oğlu, mənə yeniyetməliyim, gəncliyimdə böyük qardaş olmuş Sübhinin oğlunun toyu idi. O illər taksi tapmaq  elə də asan deyildi, küçədə taksi axtara-axtara qala bilərdin. Ona görə bir axşamlıq taksi kirələyib pul xərclədim ki, hər iki toya çatım, Sübhinin yanında olum. 

Eminin bizim işıqlı gəncləri toya buraxmaması, təhqiramiz cavabı indiyəcən yadımdadır. İmkansız gənclərin gətirdiyi pulu həmişə götürən adamın birdən çönüb:  "Gəlməyəydiniz! O pullar mənə lazım deyildi!" - deməyi insan qəlbinin hansı qaranlıq guşələrindən xəbər verir? 

Sonradan eşitdim ki, Emin Fətullayev dar günündə onu atıb gedən dostlarının çoxu ilə sıcaq münasibətini bərpa edib. Dəqiq bilirəm bunu – birini tanıyram, bir dostumun bağ qonşusu, Balıq Hafizin əlaltısıdır. Bəlkə də, hamısıyla təzədən dostlaşdı o vaxt?  Nə isə, Allah günahlarını bağılasın!

Əslində bu, Şaha az dəxli olan mətləbi ona görə danışdım ki, eyni zamanda və məkanda ünsiyyətdə olduğum iki adamın ürəklərinin, dəyərlərinin kəskin fərqini, kontrastını göstərim, çünki hər şey müqayisədə daha yaxşı görünür. 

Yadında, Şah, bir dəfə yenə də həbsxana haqqında söhbət edirdik, - həbs, oradakı həyat daimi mövzumuz idi, - dedim ki, bunların məni sındırmağından qorxuram. Həbsxanadan, özündən, pis yeməkdən, aclıqdan, döyülməkdən, kriminal avtoritetlərdən yox, məhz orada aşağılayıcı işgəncələrlə, çıxılmaz vəziyyətə salınmaqla sındırılmaqdan...

Sonradan qərara gəldim ki, sındırılsam, onlarla əməkdaşlığa imza atmağa məcbur edilsəm, elə yaşamayacağam, özümü öldürəcəyəm. Bu fikir, - çıxılmaz vəziyyətdən bir şərəfli çıxış yolu, - məni bərkitdi, toxtaqlıq verdi, qorxum çəkildi, amma bu sonra oldu, o söhbətdə yox. 

Şah qayıtdı ki: 
- Mən qorxmuram. 
- Necə?! Əllərində hər imkan olacaq orada! Yavaş-yavaş işlərini görəcəklər...
- Yox. Sınmaram, - dedi. Adi, pafossuz, sakitcə dedi, amma elə dedi ki, inandım ona  100%. Sınmaz, əyilməz! Belə bir  özgüvən və eyni zamanda təvazö...

Şah, səninlə birlikdə elə də çox olmamışıq, amma necə də gözəl, mənalı saatlar, günlər, aylar  olub, necə parlaq xatirələrdir.  

Əfqan Muxtarlının sözü olmasın, Şahvələd mənim üçün bir dəyərdi - ağıllı, savadlı, böyük jurnalist və yumşaq liderlik istedadlı, dürüst, təmiz, əyilməz, təvazökar, yalnız əsil aristokratlara məxsus sadəliyi olan böyük insan... 

Yığdığı 30-40, ya lap 400 milyon dollar puluyla ya da nazir, baş nazir müavini-zad vəzifəsiylə qürrələnən, genələ-genələ gəzən, hər an yaltaqlanmağa hazır adamlar onun məhdud imkanlı, məhrumiyyətlərlə dolu, amma ləyaqətli həyatı, bu həyatı seçən şəxsiyyəti fonunda necə cılız, miskin görünür. Təbiidir. 

Var ol, Şah! Təbrik edirəm, qucaqlayıram, öpürəm! 

Allah səni və ailəni, doğmalarını və əzizlərini qorusun, arzularına çatdırsın!