Təəssüf edirəm, Əli bəy...

Təəssüf edirəm, Əli bəy...

20-08-2023 01:22 / Bu xəbər 2382 dəfə oxundu

Araz Əliyev

Ədəbi tənqidçi Əli bəy Novruzov bir neçə gün öncə öz teleqram kanalında məni tənqid edib. 

Sənətkar xülasə deyib: "Niyə öz işinlə məşğul olmursan? Niyə gedib rus səfirini qurdalayırsan? Get fəlsəfə ilə məşğul ol, məqaləni yaz, maddə-şüur dualizmini həll elə”. 

Hətta ərkanə şəkildə təklif edib ki, götür "The Philosophical Review”ə bir məqalə yaz, oxuyub səninlə fəxr edək.

Əli bəy yaxşı deyir, amma düz demir... Çünki onun məntiqinə inansaq, Qubad İbadoğlu da başını aşağı salıb dərsini deməli, məqaləsini yazmalı, iqtisadiyyatla məşğul olmalı idi. Biz də onunla fəxr etməli idik. Ona lazım idimi dursun siyasətlə məşğul olsun və fond yaratsın. Axırda da özünü tutdursun... 

Görəsən, Əli Novruzov Qubad İbadoğlu və onun məqalələri ilə də fəxr edirdimi? Ya da məndən fərqli olaraq Qubad İbadoğlu kimi tanınmış elm adamını siyasiləşdirən səbəblərdən xəbardar idimi? Maraqlıdır. 

Əli bəy, keçənlərdə başqa bir yazı yazıb, fəlsəfənin önəmindən, onu "diletanatlara həvalə etməməkdən” də danışmışdı. 

Mənə sətiraltı söz vurmuş, hələ nəyi necə etmək lazımdır məsələsində ağsaqqallıq edib, yol da göstərmişdi. Sağ olsun. Yolgöstərənlərimiz az idi, Əli bəy də bu tərəfdən estafetə qoşulmuşdu. 

Son dönəmlərdə isə qəribə şəkildə Əli Novruzovun özünü antik obraz Prokrust kimi apardığına əmin oluram. Ərki çatan, çatmayan hər kəsi zorla bəlli çərçivələrə salmaqdan, kəsib-budamaqdan, öz "yatağına” uyğunlaşdırmaqdan sanki zövq alır. Bunu edərkən də fikirlərinin məntiqi nəticələrininin yarada biləcəyi təhlükələrdən xəbərsiz şəkildə hərəkət edir. 

Əslində onu yaxşı başa düşürəm, akademik sahədə ixtisaslaşmanı və hər kəsin öz sahəsində peşəkara çevrilməsini arzu edir. Lakin qaçırdığı məqam özünün də bizim kimi "Azərbaycan” adlanan transendental məkanda yaşadığı gerçəyidir. 

Düzü, bu çılpaq gerçəyin bizi və özünü nələrə məcbur etdiyini bilə-bilə Əli bəyin yenə də Prokrustluq eləməsini bir qədər qeyri-səmimi davranış hesab edirəm. Axı Əli Novruzov yaxşı başa düşür ki, bu məmləkətin dərdi fəlsəfçinin başını aşağı salıb fəlsəfə ilə məşğul olması deyil. Bundan daha da artığıdır. Daha taleyüklü məsələlərdir. 

Əks halda diplomatiya üzrə təhsil almasına rəğmən ədəbi tənqidçiyə çevrilməsini izah etmək müşkül olardı.

Əli Novruzov da yaxşı bilir ki, azadlığın olmadığı və insana dəyər verilmədiyi bir yerdə nəinki filosof, heç ədəbi tənqidçi də olmaq mümkün deyil. Hüququn, söz və ifadə azadlığının qorunmadığı bir yerdə "həqiqətləri” hansı metodla sorğulamağın bir önəmi yoxdur. Və bəzi ön şərtlər var ki, onları təmin etmədən, onlar uğrunda mübarizə aparmadan görülən hər şey əbəsdir. Boşa vaxt israfı, ölümə məhkum edilmiş arzulardır.

İndi burda Əli Novruzova məmləkətin problemlərindən, fəlsəfəçini siyasi aktivist olmağa vadar edən səbəblərdən danışmağı düzgün hesab etmirəm. Zənnimcə, o özü nədən danışdığımızı başa düşəcək intellektə və düşüncəyə malikdir. Həm də ki, problem nə Əli Novruzov, nə də onun tənqidi ilə bağlıdır. 

Problem Əli Novruzov kimi birinin qeyri-şüuri olaraq avtoritar quruluşu legitimləşdirən "ictimai rəyin” bir parçası kimi davranmasındadır...

Mən təəssüf edirəm, Əli bəy...

Ona görə ki sizin nə vaxtsa mənim "filosofluğum”la fəxr etmək imkanınızı əlinizdən almışam. Maddə-şüur dualizmini həll etmək əvəzinə siyasətə qurşanmışam, öz dəyərli vaxtımı sizin nəzərinizdə "boş və mənasız” işlərə qurban vermişəm. Gərək məni bağışlayasınız ki, sizi "The Philosophical Review"də məqaləmi oxumaq, Türinq testinin, Sörlün Çin otağının çatışmazlığını həll etmək fəxarətindən məhrum etmişəm. 

Azadlığın olmadığı yerdə heç bir inkişafın və yeniliyin olmayacağını düşünməklə, bəlkə də, yanılmışam. 

İnsanların layiqli həyat sürmədiyi bir məmləkətdə elitist düşüncələrinizi mənasız hesab etdiyim üçün böyük günaha batmışam. 

Bəlkə də, mən, sizin timsalınızda əvvəlki nəsillərin insafsızca çiyinlərim üzərinə atdığı məsuliyyətləri ilk dayanacaqda kənara atıb yoluma davam etmədiyim üçün xətalıyam. Amma inanın ki, bunu bütün bunlardan daha dəyərli məqsəd uğrunda etmişəm.

Redaksiyadan:
 
- Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir. Müəllifin mövqeyi Arqument.az-ın mövqeyi ilə üst-üstə düşməyə bilər. 

- Əli Novruzova da cavab haqqı tanıyır, yazısını dərc etməyə hazırıq.