Türkiyəli aktyor Özan Akbaba: “Qarabağ çox gözəldir!”

Türkiyəli aktyor Özan Akbaba: “Qarabağ çox gözəldir!”

05-02-2022 10:20 / Bu xəbər 948 dəfə oxundu

"Şuşa, Qarabağ çox gözəldir. Azərbaycan uzun zaman öncə işğal olunan torpaqlarını geri aldı. Biz də, əlbəttə ki, buna görə qürur hissi keçiririk”. 

Bu sözləri Azərbaycana gələn türkiyəli məşhur aktyor Ozan Akbaba deyib. 

Ötən ilin noyabr ayında azərbaycanlı aktyor Elşən Orucovla birgə Şuşada olan və orada "Nə oldu, Paşinyan?” ifadəsini səsləndirən aktyor ilk fürsətdə hər kəsə Qarabağa getməyi arzulayıb. 

Türkiyənin reytinqli "Eşkiya dünyaya hükümdar olmaz” serialından İlyas obrazı ilə tanınan Ozan Akbaba Bakıda "Anka” filminin qala-gecəsində iştirak edib. 

"Park Cinema Flame Towers”də baş tutan tədbirə filmdə rol alan digər aktyorlar - Uğur Uzunel, Engin Hepileri, Atilla Şendil də qatılıb. 

Onlarla birgə filmin prodüseri, həmyerlimiz Müşviq Quluzadə də qala-gecəsində olub. 

"Çox maraqlı bir ekran əsəri alınıb. Ümid edirəm ki, azərbaycanlı tamaşaçılar da filmi bəyənəcəklər”,  – deyən Ozan Akbaba Türkiyədə filmin yüksək rəylər aldığını da qeyd edib.

"Anka” süjet xətti və dinamikasına görə "Türk forsajı” adlandırılıb. 

Filmin baş qəhrəmanı Murat hələ uşaq ikən yol qəzasında ailəsini itirir. 

O gündən Muratın həyatında ən böyük dayağı yaxın dostu Tarık, sevdiyi qadın Zümrüt və onu böyüdən Ejderdir. 

İşini itirməsi və pulsuz qalması onu bədbinliyə sürükləyir...

Filmin rejissoru Süleyman Mert Özdemir, prodüseri isə Müşviq Quluzadədir. 

Ülviyyə