“Unutqan millət” və qazi Saleh Rüstəmli

“Unutqan millət” və qazi Saleh Rüstəmli

13-12-2021 10:59 / Bu xəbər 2079 dəfə oxundu

Müəllif: Çingiz Sultansoy

"Biz azərbaycanlılar unutqan xalqığ. Hər şeyi - bizə edilən pislikləri də unuduruq" sözlərini əvvəllər tez-tez eşidirdim, indi də "Facebook"da oxuyuram. 

Həmişə bu fikrə qarşı olmuşam, 9 il əvvəl isə Nobel mükafatçısı Aleksandr Soljenitsının sitatıyla etiraz etmişəm:  "Biz (ruslar) hər şeyi unuduruq. Biz olanları, tarixi yox, yalnız yaddaşımızı döyəcləməklə həkk etmək istədikləri qırıq-qırıq xətti  xatırlayırıq. Bilmirəm, bu bütün bəşəriyyətin xüsusiyyətidir, yoxsa yalnız bizim xalq üçün doğrudur. Adamı incidir. Bilmirəm, bəlkə də, xeyirxahlıqdan gəlir bu, amma incidir. O bizi yalançılara yem edir”, - Soljenitsının "Arxipelaq qulaq” romanındandır bu sözlər...

Nobelçinin bu sözləri sübut edir ki, birincisi, bu tək azərbaycanlıların xüsusiyyəti deyil, bütün insanlara və millətlərə xas olan keyfiyyətdir. 

İkincisi, bizim unutqan, özü də dünyada ən unutqan xalq olduğumuzu düşünmək milli natamamlıq kompleksinin - MNK-nın təzahürlərindən biridir.
  
Üçüncüsü, erməni xalqı bu məsələdə bizdən çox fərqlidir ən azı ona görə ki, ermənilər öz tarixi yaddaşlarını xüsusi körükləyirlər, üstəgəl kənardan daha çox körüklədiblər də. Bunu düzgün edirlər ya yox, məsələnin başqa tərəfidir, əsas odur ki, ediblər, edirlər. 

Dördüncüsü, anlamaq və bilmək lazımdır ki, bizi unutqan eləməyə nəinki çalışıblar, istədiklərinə nail olub gen-bol eləyiblər. Sovet dövründə, 1930-cu illərdə ziyalıları güllələməklə, sürgün eləməklə, işdən çıxarmaqla, tarimizi saxtalaşdırmaqla, buna etiraz edənləri susdurmaqla. Sovetdən əvvəl də ediblər, daha yumşaq, nisbətən, qansız formalarda...

SSRİ dövründə bizim xalqın beynini yuyan, müqəddəs dəyərlərimizi - Azərbaycan Xalq Cümhuriyyətini, Məhəmməd Əmin Rəsulzadəni, qurucu babaları, Müsavat Partiyasını unutdurmağa yönəli maşının qüdrətini tam təsəvvür edə bilirsinizmi? Biz o nəhəng maşının yalnız 10% görürük, bilirik, aysberqi gördüyümüz kimi.  

Elə indinin özündə Rəsulzadəni unutdurmağa çalışmırdılar, çalışmırlar məgər? Alındı? Unutqan olsaydıq, alınmalıydı, zatən.

Başqa çapda misal olsa da, Saleh Rüstəmlini də unutmalıydıq əslində, həbsxanada sakit-səssiz tənha ölümə məhkum edimiş 58 yaşlı xəstə qazi, nəhəng insan, böyük vətəndaşı! Amma unutmadıq, unutmuruq, azadlığını tələb edirik, hələ az da olsaq! Xaricdən də səsimizə səs verənlər var, hələ az da olsa. Unutmayacağıq da! 

"Biz azərbaycanlılar unutqan xalqıq” deyirlər. Yox, azərbaycanlılar unutqan xalq deyil!
 
Bu 30 ildə əlimizdən alınmış Qarabağı, uğrunda tökülən qanları da unutdurmaq istədilər. Unutduqmu? 

Müharibəyə - cəbhəyə, ölümə gedən Fədailin yolüstü  maşını saxladıb rəqs eləməyini görmüsünüzmü? Belə oğulları olan xalq yenilərmi?
 
Belə oğulları, şəhidləri unudularmı? 

Sadəcə, indi bir xalq, millət olaraq yaddaşımızı, gücümüzü yalnız İkinci Qarabağ müharibəsində göstərə bildik. Qalan müqəddəs dəyərlərimizi də, Stepanakerti də Qarabağ əraziləri kimi, Şuşa kimi qaytaracağıq. Buna yaddaşımız da çatacaq, gücümüz də!..

Sözardı: Bu gün böyük yazıçı Aleksandr Soljenitsının 103 illiyi, Saleh Rüstəmlinin ölüm aclığının 38-ci günüdür. 

Azərbaycan uğrunda ölümün düz üstünə gedən, "Vətən üçün mənim həyatım lazımdırsa, mən hazır!”  deyən qazi - Saleh bəy Rüstəmli unudularmı? 

Saleh Rüstəmlini azad edin!