"Vəkillərə qarşı təzyiqlərin başında Anar Bağırov durur"

29-01-2021 14:55 / Bu xəbər 1175 dəfə oxundu

Əlayif Həsənov,
Hüquqşünas

"Azərbaycan vəkilliyinin uğurları, vəkillərin həqiqi birliyi bəzi dairələri çox narahat edir. Bu səbəbdən də xaricdəki bəzi dairələr son 10 ildə Vəkillər Kollegiyası ilə hüquqi mübahisəsi olan bir neçə hüquqşünasın rəyi ilə qərəzli qara PR kampaniyası aparırlar, bizə qarşı əsas ittihamlardan biri kimi 2018-ci ildən nümayəndəlik institutunun məhdudlaşdırılmasını belə göstərirlər. Azərbaycan vəkilliyini bir monstr təşkilat kimi təqdim edirlər. Real vəziyyəti bilməyən insan fikirləşər ki, Azərbaycanda müstəqil vəkillik heç mövcud deyil".

Bu sitat bir vəkilin açıqlamasından götürülüb.

Oxşar açıqlamalar başqa vəkillərin də yazılarında var. Təəssüf ki, vəziyyət onların təsvir etdiyi kimi deyil.

Vəkillər Kollegiyasının (VK) yeni rəhbərliyi vəkillərə qarşı təzyiqlərin yeni və iyrənc forma, üsullarını düşünüb tapmaqda xüsusi istedad nümayiş etdirir. Bu hərəkətlərin başında bəzi vəkillərin "gül qoxulu sədrim" dediyi Anar Bağırov durur. 

Represiyayay məruz qalmış vəkillərdən biri mənəm. Vəkillər Kollegiyası üzvlüyündən çıxarılmağıma dair qərarı rəhmətlik Azər Tağıyev imzalamaqdan imtina edib, Anar Bağırovun imzası isə birincidir. 

Məhkəmələr vasitəsi ilə sübut etmişəm ki, ildə bir dəfə test imtahanından keçmədən, şifahi müsabiqədən keçməklə vəkillik fəaliyyəti ilə məşğul ola bilərəm. 2017-ci ilin dekabrında sənədlərimi  ixtisas komissiyasına göndərilməsi üçün təqdim etmişəm. 

Hər dürlü tədbirə vaxt tapan, gah xeyriyyəçilik, gah da özünüreklamla məşğul olan rəhbərlik 2020-ci ilin yanvarın 14-nə qədər sənədlərimi komissiyaya göndərməyib. 

Vəkillər Kollegiyasının bütün rəhbərliyi ilə, o cümlədən Anar Bağırovla şəxsən görüşmüşəm. Guya islahat aparmaq, vəkillərin qanunsuz reperesiyalara qalmalarının nəticələrini aradan qaldırmaqda hakimiyyətin basqısı ilə üzləşdiklərini dilə gətiriblər. 

Onların məsləhəti ilə ərizə yazaraq bildirmişəm ki, bundan sonra vəkilliklə məşğul olsam, siyasi səbəblərdən təqib edilən şəxslərin işlərinə çox vaxt sərf etmərəm. Lakin Kollegiya rəhbərliyinin əsl niyyətini biləndən sonra ərizədən imtina etmişəm. 

Nəticədə 3 il ərzində ərizəm ixtisas komissiyasına göndərilməyib, yalnız bu barədə Bakı İnzibati Məhkəməsinə müraciət edəndən sonra ərizəm göndərilib və təbii ki, Komissiya "olmaz" cavabını verib. Adi bir ərizəmə cavabı da İnzibati Məhkəmənin qərarı ilə almışam. 

Hazırda VK-na qarşı bir şikayətim Avropa Məhkəməsindədir, icraat başa çatıb. Bir iddiam Şəki İnzibatiMəhkəməsindədir, daha 3 iddianı məhkəməyə göndərməyə hazırlaşıram. VK-nın siyasi məhbusları müdafiə edən vəkillərə qarşı nifrəti o dərəcədədir ki, adi sənədlrəi belə saxtalaşdırmqadan çəkinmirlər. Bariz bir misal. Pensiya təyinatı ilə bağlı mənim barəmdə Şəki İnzibati Məhkəməsi Vəkillər Kollegiyasının Rəyasət Heyətinə sorğu göndərmişdi. 

Cavab nə olsa yaxşıdır: mühasibatlıqdakı sənədlərin surətlərini göndərməmələri bir yana, göndərdikləri arayışa görə guya mən 2004-2007-ci illərdə Kollegiyanın üzvü olmamışam. Məhkəməyə sənəd təqdim ediblər ki, guya mənim VK-ya yenidən üzvlüklə bağlı ərizəm "daxil olma ardıcıllığına uyğun olaraq" İntizam Komissiyasına göndərilib. Tam saxtakarlıq və yalan.

Məhkəmə qaydasında sübut edəcəyəm. Təəssüf ki, bu qanunsuzluq tək mənə qarşı deyil, başqa vəkillərə münasibətdə də olub. Bu yolla VK yeni rəhbərliyi vəkilləri asılılıqda saxladığını düşünür. Məsələn, bu gün İradə Cavadovanın, Yalçın İmanovun barələrindəki işlər buna sübutdur. 

VK-nın yeni rəhbərliyi Avropa Məhjkəməsinin vəkillərlə bağlı qərarlarını icra etmir. Heç vaxt VK-nın tarixində vəkilin ağzını skoçlayıb etirazını bildirməsi olmamışdı, hazırkı rəhbərlik vəkilləri buna da məcbur edib. 

Mən uzun-uzadı yazmayacağam. M.Ə.Sabir demişkən, bu gördüklərimin mində biridir. Amma VK-nın imcini yaxşılaşdırmaqla məşğul olan vəkillərə səslənirəm: əgər VK Sizə problem yaratmırsa, onda vəkillərin problemləri müzakirə edilərkən Anar Bağırovun sağ və solunda oturmayın, imkan verin bu müzakirələrdə problemlə üzləşmiş vəkillər də iştirak etsinlər. Bu adi etik məsələdir...

Yazıdakı fikirlər müəllifin  şəxsi mülahizələridir. Arqument.az-ın mövqeyi müəllifin mövqeyi ilə üst-üstə düşməyə bilər.