“Xaç atası” 50 illik yubileyində yenidən nümayiş olunacaq

“Xaç atası” 50 illik yubileyində yenidən nümayiş olunacaq

16-02-2022 16:40 / Bu xəbər 843 dəfə oxundu

Azərbaycan tamaşaçısı məşhur "Xaç atası” filmini yenidən böyük ekranlarda görə biləcək. 

1972-ci ildə çəkilən filmin bu il 50 yaşı tamam olur. 

"Paramount Pictures” fejissor Frensis Ford Koppolanın möhtəşəm trilogiyasının 50 illik yubileyi şərəfinə filmi bərpa edib. 
Filmin xüsusi versiyası rejissor Koppolanın rəhbərliyi altında hazırlanıb.

Nyu-York-Siciliya mafioz ailəsi Korleonedən bəhs edən "Xaç atası”nda baş rolları Marlon Brando, Al Paçino, Dayan Kiton kimi məşhur aktyorlar oynayır. 

1940-50-ci illəri əhatə edən ekran əsəri "Oskar”, "Qızıl Qlobus”, "Qremmi”, BAFTA daxil olmaqla 19 müxtəlif film mükafatının qalibidir. 

Film bütün zamanların ən yaxşı Amerika filmləri siyahısında 2-ci yeri tutur, 1990-cı ildə Milli Film Reyestrinə daxil edilib.

"Park Cinema” şəbəkəsinin PR meneceri Rüstəm Fətəliyev bildirib ki, bu, çox önəmli bir hadisədir: "Dünyanın hər yerindən milyonlarla tamaşaçı toplayan və filmin nümayişindən sonra doğulanlar da daxil olmaqla, bir kilt filminə çevrilən Frensis Ford Koppolanın bu möhtəşəm işi yenə böyük ekrandadır. Fevralın 24-ü saat 20:00-da "Park Cinema Flame Towers”da keçiriləcək filmin xüsusi nümayişində hər kəsi gözləyirik. Əminəm ki, "Xaç atası” filminin heyranları razı qalacaq”.

"Xaç atası” beş gün - fevralın 24-dən 28-dək "Park Cinema”nın repertuarında olacaq. 

Ülviyyə