“CinemaPlus” yay mövsümünü “Transformerlər”lə açdı
12-06-2023 12:35 / Bu xəbər 976 dəfə oxundu
Premium kinoteatr "CinemaPlus Amburan”da açıq hava altında yay mövsümünün təntənəli açılışı keçirilib.
Bilgəh qəsəbəsində, "Amburan Mall” ticarət mərkəzinin 1-ci mərtəbəsində yerləşən kinoteatrda "Transformerlər” fantastik döyüş filminin yeni hissəsinin premyeradan öncə nümayişi baş tutub.
Qonaqlara filmin ab-havasına uyğun dekorasiya təqdim edilib.
Nəhəng transformer, avtomobillər, DJ-in lazer şousu, atəş və işıqla olan performans mərasimə xüsusi əhval qatıb.
Tədbirdə Xalq artisti Həmidə Ömərova, Əməkdar artist Elman Rəfiyev, Azərbaycan Braziliya Ciu-Citsu Federasiyasının prezidenti Aqil Acalov, "Eurovision-2011” mahnı müsabiqəsinin qalibi Eldar Qasımov, aktyor Nəsimi Mirzəyev, o cümlədən jurnalistlər, blogerlər və digər qonaqlar iştirak edib.
Gecə elmi-fantastik janrında çəkilmiş "Transformerlər: Vəhşi Botların Yüksəlişi” Amerika filminin nümayişi ilə başa çatıb.
Filmin rejissoru Stiven Keypl-kiçikdir.
Rollara Dominik Fişbek, Entoni Ramos, Pit Devidson, Kolman Dominqo və s. aktyorlar çəkilib.
"Transformerlər: Vəhşi Botların Yüksəlişi” - transformerlərin kino kainatının yeddinci filmi və Trevis Naytın "Bamblbi” filminin davamıdır.
Əsas personajlar - iki arxeoloq təsadüfən qədim sivilizasiya ilə əlaqə quraraq, Maksimallar, Predakonlar və Terrorkonları real dünyaya gətirirlər.
Film 3 dildə - rus, ingilis və türk dillərində nümayiş olunacaq.
Filmi "Dəniz Mall” Ticarət mərkəzində yerləşən "CinemaPlus” kinoteatrında Azərbaycanda ən son 4DX texnologiyası ilə də izləyə bilərsiniz.
Ülviyyə