İqtidar təhlilçisinin düşüncələri

İqtidar təhlilçisinin düşüncələri

17-01-2023 15:23 / Bu xəbər 1445 dəfə oxundu

Çingiz SULTANSOY

Məncə, yaşayış yerindən kənarda 60 gündən artıq qalmaq istəyən vətəndaşın 7 gün ərzində polisə məlumat verməsi, əks halda 30 manat cərimə, Bəhramın şəhərli-kəndli, urbanizasia haqqında boş-boş söhbətləri, hətta gələcəkdə ölkə daxilində yerdəyişməyə viza-zad gərəkliyi barədə yeni qayda təklifi-filan artıqdır. Bunun əvəzinə insanların hamısını nömrə  verərək, - zatən bu nömrələr kimliklərdə var, amma yetərincə deyil, doqquzrəqəmlisi tam uyğun olar, - yerdəyişməni  TAM YASAQ eləmək lazımdır. 

Onsuz da buna 3-5, ya da 20-30 000 adam etiraz edəcək, onları da ÇPA gücüylə dağıtmaq olar, ÇPA bəs eləməsə hərbi hissələri də gətirmək. Qazilər etiraz eləməyəcək, qadir olsaydılar, özləri kimi 45 qazi özünü öldürəndə səsləri çıxardı. Çıxmadı, odur ki xalqı küçələrə çıxarmaq istəyən antimilli ünsürlərə qarşı istifadə etmək lazım və mümkün.
 
Ən yaxşısı, bu 20-30 000 vətəndaş etiraza çıxmamış təşkilatçıları iki-üç gün əvvəldən evlərində, gecələdikləri yerdə tutmaq və rayonlara göndərmək - elə orada yaşasınlar. Amma öz rayonlarına, qohum-əqrəbalarının yanına yox, başqa rayonlara. Atın qabağına ət, itin qabağına ot qoymaq prinsipiylə. Qalan vətəndaşlar hər şeyə razıdır, vətəndaş deyəndə ki, dövlətçiliyimizin təməl prinsipini anlayan, anlamasa da susan rəiyyət. 

Hamıya nömrə vermək, ölkəni bir dənə böyük QULAQ düşərgəsi ya 1938-45-dəki kimi səliqəli alman konsentrasion düşərgəsi eləmək lazımdı. Barakların memarlığını Zaha Hadid kimi, amma daha cavan və istedadlı, dünya şöhrətli  memara tapşırmaq olar, gözəl də alınar. Tikanlı məftilləri milli rənglərlə rəngləmək olar, alman tikanlı məftilləri kimi yeknəsəq, boz görünməsin. Hər halda biz Güney Qafqazın lider dövləti, analoquolmayan ölkəyik, dünya bizə həsəd apararır. 

Verdiyim təklifi hətta referendum keçirib xalqın razılığını almaqla təsdiqləmək də olar. Qoy yeniliklər tam legitim olsun! ABŞ-dan, AŞPA, AŞ-dan-zaddan gələnlərin hərəsinə, çəkisindən asılı olaraq 100 000-10 000 000 avro arası hörmət eləmək, vəssəlam. Buna da ki artıqlamasıyla pul çatacaq. Əlbəttə, o hörməti götürməyənlər də tapılacaq, xaricilərin götürmədiyi pulu Heydər Əliyev Fonduna keçirmək lazımdır. Kənd yerlərində hələ köhnə, təmirsiz məktəblər qalıb. 

Rəiyyətin maaşlarını da kateqoriyalara bölüb sistemləşdirmək və bərabərləşdirmək. gərək:  
1. İşsizlər. 
2. 300 manat alanlar. 
3. 600 manat alanlar. 
4. 1 000 manat. 
5. 3 000 manat alanlar. 
6 deputatlar və s. 

Amma əvvəlcə kütləvi ixtisarlar aparmaq lazımdır, dövlətdən maaş alanların sayını azaltmaq. Bir də iş yerlərində cərimələr tətbiq eləmək - işi pis görən, müdirin qəzəbinə ya narazılığına səbəb olan işçinin maaşından 5-10 manat çıxmaq, maksimum 50. Amma nəzarət eləmək ki, müdürlər bu cərmə sistemini sexual harrasment üçün istifadə eləməsinlər. Yoxsa düşəcəklər tabeçiliyində olan az-çox gözəgəlimli qız-gəlinin üstünə. Əslində düşsələr də elə qorxusu yox, kişiləri nə edəcəklər ki? O boyda FHN-də o boyda seks-video qalmaqalı oldu, videodakı qız-gəlinin atası, qardaşı, əri yox idi? Kimin burnunun ucu qanadı o həngamədən sonra, kimdən səs çıxdı? Odur ki, narahat olmağa dəyməz.

Bir də dövlətimizə modern görkəm vermək, imicini yüksəltməkcün Milli Məclisə İlqar Məmmədovu, Natiq Cəfərlini, Zöhrab İsmayılı təyin eləmək, oranı bir qədər intellektuallaşdırmaq gərək, tək Rasim Müsabəyovun, Erkin Qədirlinin gücü çatmır. Yeni cavan səslər, nəfəslər gəlməlidir MM-dən, rus dilini, ingilis dilini təmiz bilən mütərəqqi deputatlar təyin edilməlidi. Onların hamısı Erkindən öyrənməlidir. Əlbəttə, İlqar da pis deyil, babat idealar atırdı - "Köhnə müxalifət getməlidi, biz gəlirik!" ya "Müxalifətin stadionda mitinq keçirməsi hakimiyyətə xeyirdir" və s., nə qadər inanan vardı, amma Erkinin vicdan əzabından-zaddan danışmağı daha güclü, təsirli çıxır. O dərəcə təsirli ki, vicdandan danışdı, yazdı, dedi zərrəcə müəmma olsa, MM-ə getməyəcəm, sonra o boyda səsvermə biabırçılığından sonra getdi oturdu MM-də, ona inanların yarısı olmasa da, üçdə biri hələ də inanır. Bir tələbəsi vardı, Fb-də inandırırdı ki, Erkin müəllim düz adamdır, müəllimi olub yurfakda, bundan rüşvət almayıb. Daha anlamır ki, adam var 100 dollar rüşvət alır, yəni satılır, adam var 100-ə satılmır, hətta 10 000 dollara da satılmır, amma 100 000-ə satılır, deputat kürsüsünə oynaya-oynaya gedir. Hərənin öz qiyməti var. Azərbaycan doludu belə naiv hüquqşünaslarla və qiymətini bilən müəllimlərlə. 

Nə isə, yeni üzvlərdən MM-in müxalifət fraksiyasını yaratmaq olar, amma rus və ingilis dillərini bilmək mütləq şərtdir. Fraksia bişəndən, möhkəmlənəndən sonra üzvlərin sayını artıqmaq, böyütmək də olar. Xaricilərin qabağına onlar çıxacaq, əyləndirib əvvəlcə bahalı hədiyyə, keçəndən sonra pul bağlamalarını ötürəcəklər. Erkinin dürüstlüyünə inanan cavanları gül-çiçəklə çıxarmaq lazımdır xarici qonaqların qarşısına. 

Xaricdə oturum alandan sonra susan, daha doğrusu haqqa gələn, Heydərizm təliminin qüdrətini uje Avropada dərk edən keçmiş müxalifətçiləri, müstəqil fəalları, illah da kı qələm əhlini işə cəlb etmək lazımdır. Onlar çox qiymətli kadrdı, Azərbaycan dövlətçiliyinə böyük xeyirləri dəyə bilər. Diaspora Komitəsində ya təşkilatlarında vəzifə vermək lazımdır, istəməsələr, aylıq maaş kəsmək, məsələn, azı 2-3 000 avro arası. Bu pulu artıqlamasıyla çıxaracaqlar, çünki istedadlı, əliqələmli, himmətli, haqqı sonradan anlayan adamlardı. Belələrinin qədri xüsusi bilinməlidir. 

Gülnarə Mehdiyeva adlı feminist xanım vətəndaşların arxasına GPS bağlamağı təklif edib. Gözəl ideyadır, amma yaxşı düşünülməyib.  Bütün vətəndaşların arxasına GPS bağlamaq, - sözə bax e, bağlamaq, sanki aftafadır, -  lazım deyil, artıq xərc, xalis israfçılıqdır. GPS yalnız AXC-Müsavat üzvlərinin, - o da hamısının yox, - olan-qalan müxalif-müstəqil jurnalistlərin və vəkillərin, Rüfət Səfərov, Zaur Əkbər kimi hüquq müdafiəçilərinin, başda İlkin Rüstəmzadə olmaqla 2-3 000 vətəndaş fəalının belinə yapışdırılmalıdır, yetər. 

Bəxtiyar Hacıyev onsuz da həbsdədir. Qalanlarına ehtiyac yox, nə lazımdırsa, əmr etmişiksə, özləri cızığından qırağa çıxmayacaqlar, yerinə yetirəcəklər. 

Yeni qaydalar və qanunlar tətbiq olunmalı, rəiyyətin bir marşrutu olmalıdır- evdən işə, işdən evə. Kiminsə toyuna-yasına getmək istəyən öz şəhərində olsa belə xüsusi icazə almalıdır. Yoxsa insanlar ağzı küləyə düşən heyvan kimi hara istəsə gedəcəksə, daha bu nə oldu ki? 

Bir də rəiyyət aldığı maaşı "Bravo" market şəbəkəsində, dəyərli Paşa Holdinqə məxsus mağazalarda və restoranlarda xərcləməlidir. Başqa cür ola bilməz. Ölkədə bir kişi varsa, vahid mərkəzdən idarəçilik varsa, biznesdə də unifikasion olmalıdır. Məsələn, möhtərəm cənab Şeyx Allahşükür Paşazadə həzrətlərinin biznes monopoliyası kimi monopoliyalar ləğv edilməli, bütün monopolialar bir əldə - dövlətin əlində cəmləşməlidir, yəni Konstitusiyamızın qarantı, möhtərəm cənab Prezident İlham Əliyevin əlində. Daha möhtərəm Ziya Məmmədov, Kəmaləddin Heydərov kimi oliqarxlardan danışmıram, məsələ həll olunur, bitmək üzrədir.

Bütün bunları edəndən sonra hamı rahat olsun yerində, hamı - yəni ki, iqtidardakılar.  Sıravi vətəndaşlar, daha doğrusu, rəiyyət heç. "Mıkk" eləmədən dözəcəklər, qaçmalı yerləri var ki? Sağ olsun Cahangir, tapşırmaq lazımdır, aviabilet qiymətlərini iki-üç dəfə də qaldırsın. 

Tofiq Yaqublunu, Bəxtiyar Hacıyevi, Niyaməddin Əhmədovu və başqa, "siyasi" adlandırılan məhbusları buraxmaq olar. Nə fərqi var, həbsxanada yatır, etiraz edir, ya evində? Onsuz da hər yan olacaq QULAQ, daha doğrusu modern və milli konsentrasion düşərgə. Tofiq, Bəxtiyar getsinlər aclıqlarını evlərində eləsinlər, rəiyyət kütləsinin tükü də tərpənən deyil.

Ədəbiyyat, incəsənət xadimlərini hərəkətə gətirmək lazımdır. Ayda-ildə bir dəfə möhtərəm cənab Prezident İlham Əliyev ya Ümummili lider, möhtərəm cənab Prezident Heydər Əliyevin ünvanına bir-iki xoş söz deyib işlərini bitmiş hesab edirlər. Anar qocalıb, jurnalist bir söz soruşanda utandığından deyir get Çingizdən soruş.
 
Çingiz Abdullayev isə o barədə yaxşıdır, qurultayın 200 000 büdcəsindən sual verən jurnalistə çımxırdı ki, "Utanmırsan, belə sual verirsən?!". Yazıçılar İttifaqının sədri belə olmalı, belə mövqe sərgiləməlidir. 

Utana-utana büdcədən yemək olmaz, qətiyyət lazımdı. Amma Çingiz kimi dünyada məşhur qələm ustası da, - üzrü əməlindən ayıb, - möhtərəm cənab Prezidenti müdafiə eləmək, tərifləmək istəyəndə elə tərifləyir ki, sussaydı ondan yaxşıydı. Neyləsin yazıq, yazıçısı olduğu, təmsil elədiyi xalqın dilini bilmir, - bilməmək cəhənnəmə, - öyrənə də bilmir. Ya da istəmir. İstəmirsə, nahaq, ən azı öz Prezidentini müdafiə etmək üçün dili öyrənməliydi. Öyrənmək istəməməyi Prezidentə sayğısızlıqdır, bunu anlamalıdır. 

Yüzlərlə yazıçı var ki, Azərbaycan dilini gözəl bilir, AYB-ın üzvü ola-ola illərlə hakimiyyətin ünvanına bircə xoş söz deməyə qarınları ağrıyır. Anar da üzü yumşaqdır, buraxıb belələrini başlı-başına. Belə mövqeyə son qoyulmalıdır! Ya bizimləsən, ya da get qoşul müxalifətə, işsizlərə, ac-yalavaclar ordusuna. "Кто не с нами, тот против нас!" - Lenin deyib, indi dəbdə deyil, amma ağıllı sözdür. 

Yaxşı, gənc nəsil bilmir, oxumayıb, bəs yaşlıları? Marksizm-leninizm ya heç olmasa əsaslarını oxuyanlar? Çingiz Azərbaycan dilini bilsəydi, Anarı əvəz edə bilərdi, amma bu yaşda çətin öyrənə. İşləmirlər, elə pul, ev, deputat kürsüsü istəyirlər. Anlamırlar ki, hərəkət-bərəkət məsələsi var. 

Yalnız Baba Vəziroğlu möhtərəm müzəffər cənab Prezidenti vəsf edən şer yazıb, o da elə də güclü deyil, boğazdan yuxarı yazıldığı görünür. Allah rəhmət eləsin Zəlimxan Yaquba,  möhtərəm Heydər Əliyevə həsr etdiyi "Əbədiyyət dastanı" poeması  yaxşı alınmışdı. Hanı 1969-1984-cü illəri əhatə edən poema ya epik romanlar? Onlar bir yana, Ulu Öndərin şanlı həyat yolunu əks etdirən fərli şerlər, hekayələr yoxdur. Hanı Müzəffərin həyat yolunu, Vətən Müharibəsində rolunu əks etdirən, 2003-2020-ci illəri əhatə edən şeri, poemalar ya epik romanlar?! 

Bəstəkarlar İttifaqı isə daha pis vəziyyətdədir. İllər, onillər keçib gedir, bir dənə fərli, "La Skala"ya ya "Metropoliten Opera"ya çıxarılası "Heydər Əliyev" operası  ya simfoniyası yazılmayıb. Bunların hamısının nəzərinə çatdırılmalı, ciddi nəticələr çıxarılmalıdır. Əks halda, bütün yaradıcı ittifaqların rəhbərliyində ciddi kadr dəyişiklikləri gərək olacaq. 

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir. Arqument.az-ın mövqeyi müəllifin mövqeyi ilə üst-üstə düşməyə bilər.