Gerçəyə çevrilmiş yuxu

Gerçəyə çevrilmiş yuxu

27-05-2022 15:43 / Bu xəbər 1501 dəfə oxundu

Günel İbrahimova

- Bu da sonuncu şansdır ki, sənə verirəm. Mənə maraqlı deyil, sevdin, sevmədin, bəyəndin, ya bəyənmədin, sən bilərsən. Bu dəfə də elçilərə yox desən, məndən incimə! – bu ürək yaralayan cümlələr durmadan Gültənin qulaqlarında səslənirdi.

Nə qədər çalışsa da, gözünə yuxu getmirdi. Qulaqlarını tuturdu ki, bəlkə, duymaya, amma elə bil atasının qəzəbli səsi beynində zınqırov kimi cingildəyirdi. 

Sabaha yaxın birtəhər yuxuya getmişdi həmin gecə. Yatmadan öncə özünə söz verdi ki, bu dəfə qapıya kim gəlir, gəlsin, tanımasa, bəyənməsə də, "hə” deyəcək. Təki bu zavallı həyatdan qurtulsun. Artıq bütün yaşamına nifrət edirdi çarəsiz qızcığaz. 

Səkkiz övladdan yeddincisi olsa da, üç qız övladının ən kiçiyi idi. Amma zəmanənin çətinliklərindənmi idi, mühitdənmi, ya hər nə səbəbdən idisə, bu övladlar sevgidən kasad böyüyürdülər. 

Ailədə ata, ana çox işləyir, çətinliklərə dözür, sanki bu əziyyətlərinin əsəbini uşaqlardan çıxırdılar. Onlara sevgi, diqqət, nəvaziş göstərmirdilər. Ata-analığın, sanki yedirib içirtmək, yuyundurub yatızdırmaqla məhdudlaşdığını düşünürdülər. 

 Böyük bacı İlknurun ailə qurduğu kənddən ziyalı bir ailənin Rusiyadan yenicə gəlmiş bir oğlu Nazim Gültəni görüncə çox bəyənmiş, bacısına xəbər yollamış, bacısı da bunu anasına çatdırmışdı. 

Gültən nə olur olsun  "hə” deyəcəkdi  onsuz da. Belə də edir. Elçilərə razılıq verir. Qısa zamanda toy hazırlığı görülür. Payızda toy edirlər. Həyat yoldaşı ailənin sayca altıncı övladı idi, həm də iqtisadiyyat üzrə təhsil almışdı, öz sahəsini mükəmməl bilirdi. Gültəngil bir müddət yoldaşının anasıgildə yaşayırlar. Gültən qısa zamanda yoldaşının ailəsi, qohumları arasında sevilir. Bir müddət sonra qaynı evlənəcək deyə evdən ayrılmalı olurlar. Onlar üçün alınmış torpaq sahəsində bağ salır, ev tikirlər. 

Başqa oğullara ata-ana mirası kimi çox dəstək olur, amma Nazimlə yoldaşı evi öz zəhmətləri ilə tikirlər. Əziyyətləri çox olur. Evin tikintisində həyat yoldaşı ilə birgə Gültən də çox can qoyur. Qupquru torpaq sahəsi olaraq ayaq basdıqları yeri kiçik cənnətə çevirirlər. 

Gültən ali təhsilsiz olsa da, dərziliyi gözəl bacarır. Əl işlərində də ən azı dərziliyi qədər bacarıqlı olur. Həyətdə çoxlu gül-çiçək əkir. Hətta gipsdən müxtəlif əl işləri hazırlayır. Həyətdə onun hazırladığı gil və gips flaminqolar, göbələklər, uğur böcəkləri kiçik cənnətlərinin gözəlliyinə gözəllik qatır. İnsan onların həyətində olanda özünü sadə bir ailənin kənd həyətində yox, sanki elit bir restoranın, istirahət mərkəzinin gözəl guşəsində imiş kimi hiss edir.

İki qız övladı olur cütlüyün. Uşaqlar körpə ikən evə köçürlər. Şəraiti tam qura bilmirlər. İmkanlarına görə, büdcələrinə, qazanclarına uyğun addım atan, yüz ölçüb, bir biçən olduqları üçün hər ikisi bütün addımlarını diqqətli atır, ağıllı, doğru qərarlar verirlər daim. Allahdan bir oğul payı istəsələr də, qismətləri olmur. Günün birində Gültən ciddi bir əməliyyat keçirir. Həkim bildirir ki, onların bir daha övladı olmayacaq. Bu xəbərdən hər ikisi çox sarsılır. Ətrafdan çoxunun yersiz danışıqları da onları çox incidir. 

Kənd yerinin insanları bir qədər fərqli düşüncəyə sahib olurlar axı. Çoxu cahillikdən Allah yazan qisməti qəbullanmaq, dərk etmək yerinə bunu zarafata salmaqla, söz vurmaq kimi yersiz davranışlar sərgiləməklə qəlb qırmağı özlərinə fəxr bilirlər. Hətta Nazimin öz qohumları arasında da "kaş oğlun da olaydı”, "oğulsuz kişinin nəsli davam etmir, heyif”, " kişinin oğlu olar”,  - deyənlər də az olmur. 

İlk zamanlar bu yersiz danışıq, söz-söhbətlər onların qəlbinə toxunsa da, zamanla bunu adi hal kimi qəbul edir, imanlarının çoxluğundan, Allaha sevgilərinin böyüklüyündən alın yazılarına boyun əyirlər. İki qız övladını elə tərbiyə edir, elə əxlaqlı, imanlı böyüdürlər ki, oğlu olanların, zamanında onların oğulsuz olmaqlarına dil uzadanların başına gəlməyən qalmadığı halda, iki qızı hər əməlləri ilə daim onları üzüağ, başıuca edirlər. Qızları Amaliya və Ulduz tərbiyələri ilə olduğu kimi, təhsilləri ilə də fərqlənirlər. Hər ikisi ali təhsilin magistratura pilləsini də bitirirlər. Həm də qırmızı diplomla, fərqlənmə ilə.

Oxuduqları dövrdə qızların hər ikisi üçün o qədər yerlərdən elçi gəlir ki.  Amma məqsədləri ailə yox, təhsil, iş olduğu üçün bu barədə kimsəyə şans vermirlər. 

Gültənin sakit, tabe olan, müti xasiyyəti, sanki qızlarına da keçir. Gültən 40 yaşından sonra qıldığı namazın tələblərini tamamlayaraq hicaba keçir. Qızları da namaz qılsalar da, ibadət əhli olsalar da, kiçik qızı Amaliya dini geyimə keçmir. Böyük qızları Ulduz isə dinə özünü hədsiz dərəcədə həsr edir. Amaliya Bakı məktəblərinin birində ingilis dili müəllimi kimi fəaliyyət göstərir. 

Ulduz isə kənd məktəblərinin birində biologiya müəllimi olaraq işləyir. Ədəbi, imanı ilə seçilən, sevilən Ulduz ürəyi, xasiyyəti, düşüncəsi ilə fərqlənir. Belə ki bu yaşına qədər qapılarına onun adını tutub gələn kimsə üçün düşünməyə belə lüzum görməyən Ulduzun daim bir sözü olur: "Mən imanlı bir oğlanla ailə quracam. Ailə quracağım şəxs də mən qədər Allahı sevən, ona tapınan biri olmalıdır”. 

Bu fikrindən dönməyən Ulduzu hər kəs yola gətirməyə, fikrindən daşındırmağa çalışsa da,  o, dediyindən dönmür. Ulduzu hətta qınayanlar da az olmur. Ulduz daim Allahdan gələn nə olsa, mütləq ki, bəndə üçün uğurlu, xeyirli olanın o olduğuna inandığı üçün kimsənin dediklərini önəmsəmir. 

Doğrudan da, fərqli düşüncədə olan Ulduzun həyatının adamı bir təsadüf nəticəsində qarşısına çıxır. Ulduzun dayısı bir ailənin evində usta olaraq çalışır. Bir gün çay fasiləsində həyətə sakit yerişli, başıaşağı bir oğlan gəlir, dayısı ilə birgə ustaya salam verib keçir. Oğlanın dayısı usta ilə salamlaşıb söhbətə oturur. Söhbət əsnasında ustaya oğlanın dayısı bildirərək: "əslində həyətdə, evdə görüləcək çox təmir işləri var. Bacım oğlu evlənmək istəmir. O qədər qəribə uşaqdı ki, kimisə bəyəndirənmirik”, – deyir. 

Hətta bir az narazı halda: "Ay qardaş, ay başına dönüm sənin, dindar olmaq, namaz əhli olmaq o demək deyil ki, sən mütləq dindar qızla, hicablı birilə ailə qurasan. Əvvəl bəyən, sev, sonra ona da hicab geyindir, namaz qıldır daa, olmaz ki? Səhvəm, ay Rəhman?!" – deyib Ulduzun dayısına şikayətlənir.  

"Sən də düz deyirsən, Adil, amma qardaşım, dinin bizə qoyduğu tələblər var axı. İndi sizin uşaq dinin çox dərininə gedir, naməhrəmlikdən uzaq durur, əslində, tam da dinimiz buyurduğu kimi davranır”, – deyib Rəhman Adili sakitləşdirir. 

Davam edir: ”Qardaş, mənim də elə bir bacım qızı var. Eyni sizin uşaq kimi, inaddır ki, inad. Allah buyurduğu kimi olacaq hər şey ", - deyir. "Qarşıma çıxanda bəxtimə yazılan adam, mən hiss edəcəm”, - deyir, kiməsə razılıq vermir. O da sizin uşaq kimi "namaz əhli oğlanla evlənəcəm ”, - deyir, başqa da söz demir. Kimsə fikrindən döndərə bilmir”. 

Axşam yeməyə oturanda Raya xanım oğlu Rəhimin ağzından söz almaq üçün deyir:

- Rəhim, Fəridə xalanın qızı vardı ee, Arzu. Yadındadı?
- Hə, anam. Nolub ki, Arzu xalaya?
- Heç nə olmayıb, balam. Bakıda qalır axı onlar.
- Hə, bilirəm, anam. Nolsun? Bakıda gör nə qədər insan yaşayır. Tək onlar deyil ki.
 
Rəhim dayısına göz vurub qımışır:

- Sən mənim sözümü məzəyə salırsan, yaramaz? Arzunun gözəl bir qızı var, özü də hüquqda oxuyur ee, son kursdur. Ağıllı qızdı - tərbiyəli. Deyirəm, bəlkə,  baxasan bir. Nə bilmək olar, bəlkə xoşuna gələr?!
- Ay anam, sənə qurban, yorulmadın sən? Dedim axı, mən necə qızla ailə quracam. Sən Allah, bağla bu söhbəti. 
- Ay oğul, mən də anayam, oğlum üçün qız bəyənmək, elçi getmək, toy eləmək mənim də arzumdu. Bütün analar kimi bu, haqqımdı. Niyə belə edirsən?
- Anam, başqa söhbət elə, xahiş edirəm.  

Rəhman çaya oturmur, otağına keçir. Dialoq əsnasında Adilin yadına Rəhmanla söhbəti düşür:   

- Bacı, Rəhmangilin ailəsini sən məndən yaxşı tanıyırsan, eləmi?
- Hansı Rəhman, qaqam?
- Əhməd kişinin oğlunu deyirəm. Ustanız. 
- Hə, yaxşı tanıyıram, nolub ki?
- Bu gün Rəhimlə gəldik, bir az söhbət elədim Rəhmanla.  Söhbət Rəhimdən düşdü: "qız bəyənmir, evlənmir”, - dedim, o da bizim Rəhman kimi eyni düşüncədə bir bacısı qızı olduğnu dedi. Deyirəm, bəlkə, bir maraqlanasan, Rəhimin də bəyəndiyi kimi biri olar?
- Onlar üç bacıdılar, hansının qızıdır, görəsən?!
- Vallah bilmirəm. 
- İndi gecdir, sabah maraqlanaram mən, görüm hansı qızın qızıdı?!

  Telefon zəng çalır:
- Alo..
- Alo. Salam.
- Salam.
- Gültəngildəndi?
- Bəli, buyurun.
- Gültəndir?
- Bəli. Siz kim oldunuz?
- Mən Bəxtiyar kişinin qızı Raya. 
- Hansı Bəxtiyar?
- Kəndçiniz Çayqıraqların Bəxtiyarı.
- Həəə, tanıdım. Buyur, Raya bacı. Səndən nə əcəb bizi yad eləmisən?
- Allah qismət eləsə, xeyir bir iş üçün zəng eləmişəm.
- Xeyir olsun təki. Eşidirəm, can.
- Qardaşın Rəhman bizdə işləyir. Evi təmir etdiririk. Qismət olsa, uşağı baş-göz etmək istəyirik.
- Hə, lap yaxşı. Allah xoşbəxt eləsin.

Raya ürəkdən gülür:
- Allah səni güldürsün, hələ xəyaldı eee. Uşağa qız bəyəndirənmirik ki...  Uzun sözün qısası, sənin qızın Ulduz üçün zəng etmişəm. Qardaşın deyir ki, sizin qız da "dindarla evlənəcəm,” - deyir inadla,  bizim oğlumuz kimi. Deyirəm, bəlkə,  bunları tanış edək. Qismətdir dəə,  Allah nəsib etsə, qohum olarıq.
- Vallah, elə qəfil oldu ki, nə deyəcəyimi bilmədim. Bu elə işdir ki, belə söhbətlə, telefonla olası şey deyil. Mən qıza deyərəm, yoldaşımla məsləhət edərik, evin böyüyü var, sonra sizə bir söz deyərəm.
- Əla, sən danış, mən də bizim uşaqla danışım, yenidən zəngləşərik.
- Yaxşı.
- Sağ ol, Allah amanında, can.
- Siz də.

Beləcə ailələr danışır dəfələrlə, qıza oğlanın şəklini, oğlana qızın şəklini göstərirlər. Qız oğlanı, oğlan qızı bəyənir. Məsələ bununla bitmir, əksinə, əsl maraqlı olan yan bundan sonra başlayır. Ailə qurmaq üçün çox çətin qərara gələn Ulduzla Rəhim bütün addımlarında dinimizin buyurduğundan kənara çıxmırlar. Toya qədər bir-birinə "siz” deyə müraciət edir, bütün söhbətləri dini müzakirələr əsasında qurulur.  

Onların münasibətinin marağında olan hər kəsə Ulduz bircə kəlimə ilə cavab verir: "Mən Rəhimi görəndə Allahdan mənə qəribə hiss gəldi. Anladım ki, Allahın mənim üçün seçdiyi qismət odur. Ona görə onu qəbul etmək gəldi ürəyimdən, qəbul etdim. Bunu mənə Allahın etdirdiyinə əminəm. Onu tanımadan, xasiyyətini bilmədən necə ailə qurmağa razılaşıram, risk edirəm deyə soruşursuz. Mən onu tanıyıram, əslində. Mən də, Rəhim də - ikimiz də Allaha, onun yazdığı qismətə inanırıq. Allahdan istəyirik hər şeyi. Allah açan qapını kimsə bağlaya bilməz -  bunu bilirik. Yolumuzu Allaha buraxmışıq ikimiz də. Onun buyurduğundan kənara bir addım atmamışıq, atmarıq da. Ona görə ikimizin də ürəyi rahatdır”. 

Bu cavablar çoxunu qane etməsə də, maraqda qoysa da, onları qınaq obyektinə çevirsə də, Ulduzla Rəhim üçün dəyişən nəsə olmur. Günlər bir-birini əvəzləyir.  

Zaman azalır, qovuşacaqları günə az qalır. Allahın əmri ilə kəbinləri kəsilir. Ulduzla Rəhimin hər kəsi maraqda qoyan qərarlarından biri də onların bəy-gəlin olaraq öz toy mərasimində iştirak etməmələri olur. 

Bütün qohumlar, dost-tanışlar, yaxınlar, qonşular bu iki gəncin səmərəsinə bəy-gəlinsiz toy iştirakçıları da olurlar. Beləcə ömürlərini birləşdirib, həyat evinə birgə addım atırlar. Həmin günə, o tarixə qədər ağlının hansısa bir küncündə zaman-zaman: "Görəsən, bir-birimizə öyrəşib ailə ola biləcəyikmi?” - sualı dolaşan Ulduz o  sabah qəribə bir yuxu görür. 

Görür ki, tikanlı bir yoldan keçir, anidən kollar, tikanlar yox olur. Ağ geyimli nurani bir qoca ona qarşıda açıq bir qapı göstərir. Ulduz o qapıya yaxınlaşanda işıqlı bir pəncərənin qabağında Rəhimin dayandığını görür. 

Nurani qoca sakitcə pıçıldayır: "Keç, qızım, burda dayanma. Səni işıqlı bir yola aparır bu qapı və o gördüyün oğlan”.

Ulduz yuxudan həyəcanla oyanır, Rəhimin üzündə qəribə bir təbəssüm görür. Sanki ikisi də eyni gözəl yuxunu görürmüş kimi...