Nilufər çiçəyi...

Nilufər çiçəyi...

19-06-2022 13:28 / Bu xəbər 664 dəfə oxundu

Böyük babasından roman yazdığım qızdan danışacağam. 

1946-1947- ci illərdə İranda baş verən inqilabın başçılarından, təşkilatçılarından olan, "Qaçaq Aslan" romanımın qəhrəmanı Borci Aslanın nəticəsi Nilufərdən. Nilüfər Borcidən… Yaşıdlarına bənzəməyən idmançı, zəhmətsevər bir qızdan. Hər zaman özünə inanan və durmadan seçdiyi yolda çalışan zərif və ağıllı, gözəl qızdan...

Hələ neçə illər əvvəl öz vətəninin inkişafı, azadlığı, təhsili, sağlamlığı uğrunda  dəfələrlə əzab-əziyyətlərlə qarşılaşan, həbslərdə ölümlə üzləşən Aslan Borcini qiyabi olsa da, tanıdım. Ölümündən sonra… 

Onun vətənpərvərliyinə, insanlığına, qeyrətinə, öz xalqı üçün ölümə hazır olmağına, cəsarətinə heyran oldum. Bir igid azərbaycanlı oğlunun etdikləri məni onun barəsində əsər yazmağa məcbur etdi. 

Azad fikirli, millətini, xalqını irəli aparmaq üçün  ən dəhşətli səhnələrlə, hadisələrlə qarşılaşdığı zamanlar da heç nədən qorxmayan  insandan roman yazmağa qərar verdim. İstədim, onu bütün dünya tanısın. Qorxmaz insanı, öz məqsədinə, öz amalına çatmaq üçün  dözülməyənlərə dözən Aslan Borcini. Fəxr ediləcək, əsrlərdən-əsrlərə qəhramanlığı dillərdə dastan olacaq insanı. Bütün bunları "Qaçaq Aslan” romanımda göstərməyə çalışdım. 

Nilufər Qaçaq Aslanın böyük övladı, mənim tələbə yoldaşım Beytullanın nəvəsidir. Həm o taylıdı, həm də bu taylı. Buna görə hər iki tərəfi təmsil edir bütün yarışlarda. İlk dəfə onu görəndə sakitliyi, xoş təbəssümü cəlb etdi nəzərimi. Ancaq diqqətlə baxanda, o sakit baxışların altında bir əzimkarlıq, iradə gördüm. Onun qazanacağı qələbələr gəldi gözümün önünə… 

Böyük babasından yazdığım kimi, ondan da yazmağa qərar verdim. Çünki ona inandım. Bildim ki, Aslan babası kimi öz məqsədinə çatmaq üçün dağları aşmağa hazırdı bu zərif qız. Sakit görünüşlü, iradəsi güclü olan Nilufər Borci. Və bildim ki, ona inanmaq olar. Insanın güvənini puça çıxarmaz...  

Doğrudan da, nəsildən-kökdən gələn bəzi xasiyyətlər var ki, onlar həmişə özünü göstərir. "Ot kök üstə bitər" deyiblər.  Həmişə bu sözə inanmışam. Ağbirçəklərimizin, ağsaqqallarımızın müdrik, ağıllı fikirlərinə diqqət etmişəm, sınamışam və yanılmamışam...

2009-cu ildə İranda dünyaya göz açıb. Kiçik yaşlarından idmana olan həvəsi onun gimnastika dərslərinə gətirib. Sonralar taekvondo onu cəlb edib və özünü elə bu yolda sınamağa qərar verib. 

Xəyallarında özünü hər zaman qaliblərin sıralarında  görüb. Özünə çempiyonluq nağılı yazıb kiçik Nilufər. Ən yüksək  pillələrdə boynuna taxılan qızıl medallar canlanıb fikirlərində. Özü də iki ölkəni təmsil edib. İranda olanda İranı, Azərbaycanda isə Odlar Yurdunu. Hər iki ölkənin də bayrağını ucalara qaldırmağı şərəf sayıb. Məşqlərə başladığında pedaqoqlar onun gələcəyinə inanıblar həmişə.Lap mənim kimi. Elə belə də olub.
 
İranda Tehran birinciliyində özünü dəfələrlə sınaqdan  uğurla çıxan Nilufər  Azərbaycanda da yarışlarda özünü sınayıb. May ayında H. Əliyevin il dönümü münasibətiylə keçirilən yarışlarda  Nilufər Borci ikinci yerin qalibi olub. Bir ay sonra, 11-12 iyunda kecirilən "Koreya səfiri”kuboku  uğrunda isə Nilufər Borci birinciliyi qazanıb. Qızıl medala layiq görülən qızımızın bütün yaxınlarının sevinci yerə-göyə sığmır. Elə mənim də…
 
Böyük babasından yazarkən onun nəslindən gələnlərin hünərinə bələd olmuşdum. Bax, beləcə, öz çempiyonluğunun nağılını yazdı zərif, gözəl qızımız. İnanıram ki, səni hələ çox belə uğurlar, qızıl medallar gözləyir, Nilufər çiçəyi...

Ulduz Qasım