Qalmaqallı direktor postdan gedir

Qalmaqallı direktor postdan gedir

31-12-2015 02:21 / Bu xəbər 2345 dəfə oxundu

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov vəzifəsindən gedir. İsrafil İsrafilovla Mədəniyyət və Turizm Nazirliyi arasında bağlanmış müqavilənin müddəti bu gün başa çatır.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vüqar Şıxəmmədov Report-a açıqlamasında bildirib ki, kadrlarla bağlı hər hansı dəyişiklik baş verərsə, bununla bağlı nazirliyin rəsmi saytı vasitəsilə ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, 2015-ci il avqustun 31-də Mədəniyyət və Turizm Nazirliyi Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovla olan müqaviləni ilin sonunadək yeniləmişdi. İ.İsrafilov ilk dəfə 2010-cu ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru təyin edilib.

"Qafqazinfo” xatırladır ki, son aylar teatrın aktyorları İsrafilovun ünvanına ciddi ittihamlar səsləndirmişdilər. Bəziləri hətta xalq artisti İlham Əsgərovun ölümünü direktorla ünsiyyətdən sonra keçirdiyi əsəb gərginliyi ilə əlaqələndirirdilər. 

Bundan başqa, mədəniyyət və turizm nazirinin birinci müavini Ədalət Vəliyev çıxışı zamanı İ.İsrafilovun əleyhinə kəskin ifadələr səsləndirib:

"Gör teatrı nə günə qoymusan ki, orada Xalq artistləri bir-birinə hücum çəkir və bu da respublika ilə bir olur. Biz səni 3 ay əvvəl çıxartmaq istədik, amma vaxt verdik ki, bəlkə düzələsən. Sən işi bacarmırsan”.

Arqument.Az