Qarabağ müharibəsindən bəhs edən “Köhnə çamadanlar”ın nümayişi başlayır

Qarabağ müharibəsindən bəhs edən “Köhnə çamadanlar”ın nümayişi başlayır

29-09-2022 00:58 / Bu xəbər 1138 dəfə oxundu

Anım Günü ilə əlaqədar "CinemaPlus” premium kinoteatrında Birinci və İkinci Qarabağ müharibəsindən bəhs edən "Köhnə çamadanlar" filminin qapalı nümayişi olub.

Tədbirdə filmin yaradıcı heyəti, real qəhrəmanları və İkinci Qarabağ müharibəsi qaziləri çıxış edib. 

Ekran işində şəhid atası obrazını yaradan Xalq artisti Məmməd Səfa, filmdə haqlarında söhbət gedən Birinci Qarabağ müharibəsinin qadın iştirakçıları Aliyə Piriyeva, Kəmalə Qəhrəmanova, Xanımzər Həsənova və Məhəbbət Paşayeva, eləcə də 44 günlük Vətən müharibəsinin qaziləri fikirlərini bölüşüblər. 

Real həyat hekayələri əsasında çəkilən film müharibənin qadınların taleyində buraxdığı ağrılı izlərə ekran həyatı verib. 

Birinci Qarabağ müharibəsində torpaqlarından didərgin düşən, işgəncələrə məruz qalan, doğmalarını itirən müxtəlif qadın obrazları, onların yaşadıqları psixoloji travmalar filmdə öz əksini tapıb. 

Ekran əsərində 44 günlük Vətən müharibəsini və qələbə sevincini əks etdirən sənədli kadrlar da yer alıb.

Filmin quruluşçu rejissoru Səidə Haqverdiyeva, ssenari müəllifi Sevda Sultanova, görüntü rejissoru Şahmar Səfəroğlu, montaj rejissoru Rza Almasi Pərqu, quruluşçu rəssamı Əfşan Əsədova, bəstəkarı Vuqar Camalzadə, art direktoru Tahir Əliyev, baş prodüseri Pərvinə İsmayılova, icraçı prodüserləri Kəmalə Nəhmətova və Nicat Məmmədov, redaktoru Həmidə Rüstəmova, menecerlər Aynurə Əkbərova və Gülər Məlikdir.

Ekran əsərində rolları Xalq artistləri Məmməd Səfa, Pərvanə Qurbanova, Əməkdar artistlər Gülzar Qurbanova, Nəsibə Eldarova, Şəfəq Əliyeva, aktyorlar Zemfira Əbdülsəmədova, Zümrüd Qasımova, Ülviyyə Əliyeva, Zülfiyyə Qurbanova, Oksana Rəsulova, Zülfiyyə Nəzər Məmmədova, Rada Nəsibova, Zarina Qurbanova, Aygün Fətullayeva, Türkay Cəfərli, Könül Qasımova, Səmimi Fərhad, Aqil M. Quliyev, Namiq Ağayev, Vüqar Hacıyev, Cavanşir Məhərrəmov, Rəsmiyyə Nurməmmədova, Qızılgül Quliyeva və başqaları oynayırlar. 

Bundan başqa, filmdə İkinci Qarabağ Müharibəsinin iştirakçıları, Dövlət Sərhəd Xidmətinin Sərhəd qoşunlarında xidmət edən hərbçilər, eləcə də sağlamlıq imkanları məhdud istedadlı şəxslər iştirak ediblər.

2021-ci ilin payızından çəkilişlərinə başlanılan "Köhnə çamadanlar” tammetrajlı bədii filmi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi, "RS Production” və "OYUN” inklüziv teatr Məhdud Məsuliyyətli Cəmiyyətinin birgə əməkdaşlığı çərçivəsində ərsəyə gətirilib.

Film sentyabrın 29-dan etibarən bütün "CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq.

Ülviyyə