Tom Kruzun yeni filmi “CinemaPlus”da nümayiş olundu

Tom Kruzun yeni filmi “CinemaPlus”da nümayiş olundu

07-06-2022 10:41 / Bu xəbər 945 dəfə oxundu

"Gənclik Mall” TM-də yerləşən "CinemaPlus” premium kinoteatrında çoxdan gözlənilən Amerika döyüş filmi "Top Qan 2” nümayiş olunub. 

Bu film 1986-cı ildə çəkilmiş "Top Qan”ın davamıdır. 

Rejissor Cozef Kosinskinin ekranlaşdırdığı filmdə baş rolu Tom Kruz yaradır. 

Digər rolları Cennifer Konelli, Ed Harris və başqaları canlandırır.

Filmin baş qəhrəmanı - Maverik ləqəbli Pit Mitçel 30 ildən artıqdır ki, Hərbi Dəniz Qüvvələrinin ən yaxşı pilotlarından biridir. 

O, "Top Qan” məzunlarından ibarət dəstəni əvvəllər görünməmiş xüsusi bir missiyaya hazırlayarkən, mərhum dostu, leytenant Nik Bradşonun oğlu leytenant Bredli Bredşou ilə tanış olur. 

Qarşıda - qeyri-müəyyənlik, arxada - keçmişin xəyalları var… 

Filmin təqdimatı maraqlı tədbirlə yadda qalıb. 

Tədbirin ən fəxri qonaqları isə 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycanın hava məkanını qoruyan, eləcə də Qarabağ səmasında düşmənin texnikalarını və şəxsi heyətini məhv edən, müxtəlif orden və medallarla təltif olunan, çətin, lakin şərəfli peşə sahibləri - Azərbaycanın Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin pilot heyəti idi. 

Tədbirdə Xalq artisti Faiq Ağayev, şou-biznes ulduzları, tanınmış jurnalistlər və bloggerlər, eləcə də, digər şəxslər iştirak edirdi. 

Kinoteatrın foyesində quraşdırılan tematik dekorasiya filmin ab-havasına tam uyğun idi. Bura uçuş zolağını xatırladırdı, buludlar qonaqların başlarının üzərindən keçirdi. Foyedə qəhrəmanını gözləyən motosiklet də var idi.

Bundan başqa, qonaqlar özlərini pilot kimi hiss etmək üçün unikal fürsət də əldə etmişdilər. 

Bunun üçün sadəcə Virtual Zona-ya gedərək, virtual reallıq eynəklərini taxmaq kifayət idi.

Ülviyyə